DİQQƏT! Bizi necə manipulyasiya edirlər?

12:41 1 Noyabr 2022

Manipulyasiya həyatımızın hər sahəsində insanların istifadə etdiyi və istifadə edildiyi psixoloji fenomendir. 

Manipulyasiyanın konkret tərifi olmadığından ona bir neçə tərif vermək mümkündür: 
• Manipulyasiya başqalarını nəzarət altına almaq məqsədiylə edilən bir ağıl oyunudur.
• Manipulyasiya duyğularınızı, hisslərinizi və inandığınız dəyərləri hədəf alaraq baxış bucağınızı dəyişdirməyə və həqiqəti şəkilləndirmə istiqamətində sərgilənən metodların ümumi adıdır.
• Manipulyasiya qarşındakı şəxsə istədiyini etdirə bilmək sənətidir.
• Manipulyasiya idarə edən insanın mənafeyinə uyğun şəkildə digər  insanın davranışının gizli idarə olunması prosesidir.

Gündəlik həyatımızda, ailə daxilində, iş mühitində, mediada, münasibətlərimizdə ixtiyari və ya qeyri-ixtiyari olaraq manipulyasiya edirik, həmçinin manipulyasiyaya məruz qalırıq. Manipulyasiyanın ən əsas xüsusiyyəti onun gizli aparılmasıdır. 

Lakin çox vaxt manipulyasiya ilə inandırma eyniləşdirilir. Bilmək lazımdır ki, inandırma - başqasını müəyyən bir istiqamətə yönəltmək üçün təsir etmək, qarşılıqlı şəkildə faydalanmaqdır. Manipulyasiyada isə qarşılıqlı fayda yoxdur, yalnız manipulyatorun özü üçün faydalıdır. 

Hər kəs kiçik yaşlarından manipulyasiyaya məruz qalıb və fərqində olmayaraq manipulyasiya edib. Məsələn, azyaşlı uşaqlar öz istəklərini həyata keçirmək üçün ağlayırlar, küsürlər, hirslənirlər. Bu yolla valideyn manipulyasiya edilir və uşaqlar istəklərinə çatırlar. 

Manipulyasiya edən şəxslərin məqsədi ya özlərində olmayan bir şeyi əldə etmək, ya da özlərinin hesab etdiklərini əllərində saxlamaqdır. 

Manipulyasiyaya ən çox mükəmməliyyətçi, günahkar hiss edən, təkəbbürlü, məhdudlaşdırıcı sərhəd təyin edə bilməyən, təsdiq olunma ehtiyacı duyan insanlar uğrayır.

Bütün bunlara baxmayaraq biz icazə vermədiyimiz müddətcə heç kəs bizi manipulyasiya edə bilməz. Bunun üçün məsuliyyətli və diqqətli olmalı, ehtiyatlı davranmalıyıq.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti