Meyxanaçılar niyə bu qədər sevilir? - Sualı söz ustaları cavablandırır

20:01 11 Noyabr 2022

Son bir neçə gündür meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) qonşusu İskəndər Mehtiyevi qətlə yetirməsi xəbərləri ölkə mətbuatının gündəmini zəbt edib. Hadisə nəticəsində iki ailə faicəsi yaşandı. Yenicə həbsdən çıxan İskəndər dünyasını dəyişdi, hər kəsin meyxanalarını sevə-sevə dinlədiyi Rəşad Dağlı isə həbs olundu. Ötən gün meyxanaçı Qaradağ Rayon Məhkəməsindən çıxarılarkən sevənləri onu dəstəkləməyə gəldi. Ortada ölüm faktoru olsa da, bir insan qətlə yetirilsə də, onlar məhkəmə binasının qarşısında yaratdıqları izdihamla Rəşadın yanında olduqlarını göstərdilər. Rəşad bu izdihamla qarşılanan ilk meyxanaçı deyil. Biz yerli kütlənin meyxanaçılara qarşı rəğbətinin dəfələrlə şahidi olmuşuq. Bəs görəsən onlara qarşı bu sevgi, bu rəğbət nədən yaranıb?

Bu sualı elə meyxanaçıların özlərinə ünvanladıq. Cavablar isə fərqli oldu. Kimisi meyxanının bu qədər sevilməsinin elə meyxananın özü ilə, kimi isə onu söyləyənin sözü ilə əlaqəli olduğunu bildirdi. Meyxanaçıların sözügedən açıqlamalarını oxuculara təqdim edirik:

Meyxanaçı Mehman Əhmədli:

"Meyxanaçılara olan bu sevgi, əlbəttə, birinci növbədə sənətkarların sənətindən irəli gəlir. Xalqımızın onun sənətini sevməyindən irəli gəlir. İkincisi, həmkarlarımın xalqla rəftarlarından irəli gəlir ki, camaat da onları çox istəyir. Məsələn, meyxanaçı Aydın Xırdalanlının yas mərasimini gördünüz. Orada on minlərlə insan iştirak edirdi. Eləcə də Vüqar Biləcərli olsun. Onun yas mərasimi pandemiya dövrünə təsadüf etsə də, insanlar cəriməni belə gözə alıb dəfnə qatıldılar. Cərimələnsələr də, onlar qəbir üstə getdilər. Rəşad Dağlı da onun kimidir. Ona görə də belə olan hallarda kütlə meyxanaçının ardı ilə gedərək onun tək olmadığını bildirir. Çünki meyxana da, meyxanaçı da sevilir".

Meyxanaçı Ağamirzə:

"Meyxanaçılar daha çox xalqın arasında olurlar. Bu səbəblə də onların sənəti daha çox sevilir. Meyxana sənəti bir istedaddır. Camaat meyxananı çox sevir. Onlara maraqlıdır ki, görəsən, bu meyxana necə deyilir? Bu sözlər necə tapılır? Biz xalqın içindəyik. Meyxanaçıların 90%-i xalqın yanında olan insanlardır. Xalqa nə qədər yaxın olsan, səni o qədər çox istəyəcəklər. Nə qədər yerini, ədəbini bilsən, özünü sadə aparsan, səni istəyəcəklər. Biz meyxanaçıları da belə olduğumuza görə çox sevirlər".

Meyxanaçı Namiq Məna:

"Əruz vəznində bədahətən şeir söyləmək böyük məharət tələb edir. Bilirsiniz, bu janr niyə tez çatır insanlara, söz xiridarlarına? Ona görə ki, əruz vəzni dilə yatımlıdır. Ona görə də xalq meyxana deyənləri çox sevir. Bu sənət sahibləri kifayət qədər çox Quranı oxuyurlar. Onların çox mütaliələri var. Mən bu janr haqqında bayağı fikirlər söyləyənləri də debata çağırıram".

Meyxanaçı Pərviz Bülbülə: 

"Meyxanaçılara qarşı bu böyük sevgini bizdən əvvəl yaradan söz xiridarları olub. Hərdən mən də bir tamaşaçı kimi otururam kənardan özümüzə baxıram ki, biz bu boyda sənətin nümayəndəsiyik. Öz qədrimizi bilməliyik. Biz xalqın içindəyik. Bu da ki xalqın bizə sevgisidir. Biz xalq üçün daha əlçatanıq. Meyxanaçıları tapmaq daha asandır".

Meyxanaçı Vüqar Əbdülov

"Digər sənət sahələrində olduğu kimi meyxanaçılara da böyük sevgi və rəğbət var. Məsələn, Vüqar Biləcələri rəhmətə gedəndə də onun yas mərasimində izdiham yaşandı. Bizi xalqın arasında olduğumuza görə, xeyrinə-şərinə yaradığımıza görə həmişə hörmətlə yanaşır və sevirlər. Nüfuz qazanmaq sadəcə sənətlə deyil, həm də davranış və mədəniyyətlə bağlıdır".//baku.ws



Xəbər xətti