"Bəzi layihələrdə iki yolda qaldım. Bu da mənim öz yalnışım idi. Çünki bir az Türkiyədə, bir az İranda işlədim, bəzi işləri gördüm, təcrübələrindən yararlanmaq istədim. Daha sonra netflix platforması ilə daha yaxından əməkdaşlıq qurdum. Netflixdə çəkilən ilk azərbaycanlı aktyor mən olmuşam. Zamanla dünyagörüşüm, yumora baxışım dəyişdi. Başladım bunu Azərbaycanda da tətbiq etməyə. Bir dəfə tətbiq etdim olmadı, ikinci dəfə tətbiq etdim olmadı, üçüncü dəfə tətbiq etdim yenə olmadı. Geriyə də qayıtmaq istəmirdim. Keyfiyyətli, düşündürücü yumoru edirsən, buna baxmırlar. Bizdə bu keçmir. Bu da bir az məndə psixoloji problemlər yaratdı. Öz-özümə fikirləşdim ki, necə yani? 1990-cı ildə nəyə gülürüksə, 2022-ci ildə də ona gülürük. Təəssüflər olsun ki, heç nə dəyişməyib. Müasir yumor bir az həvəsdən saldı məni. Özümə filmlərdə çəkilmə qadağası qoymuşam. Keyfiyyətli filmlərdə çəkilmək istəyirəm. "Vəəə, əəə, üü" edib, filmlərdə çəkilmək istəmirəm"
Sitat.info xəbər verir ki, bunu Moderator.az-a məşhur aktyor Elməddin Cəfərov bildirib. O, daha sonra əlavə edib.
"Uşaq olanda hansı sənətin sahibi olacağımı bilmirdim. Amma yuxularımda hər zaman o insan kütləsini görürdüm. Hiss edirdim ki, bu yol məşhurluğa uzanır. Düzdür, çox çətinliklər çəkmişəm, ən əsası rəbbim məni qiymətləndirib. Nəticə düşündüyümdən də çox oldu" deyə aktyor bildirib.
Elməddin Cəfərov hər zaman teatrda çalışan sənətkarlara böyük diqqət və qayğı ilə yanaşdığını bildirib.
"Universiteti bitirən gənc aktyorlar var. Onlar da teatrda işlə təmin olunmalıdırlar. Teatr rəhbərləri mütləq şəkildə praktika ilə o gəncləri də öyrətməlidir. Onları kim öyrədəcək?! Teatr rəhbərliyi öyrətməyəcək hərhalda. Onlar teatrın korifey sənətkarlarından sənət və həyat dərsi almalıdırlar. Teatrlarımızda barmaq sayı qədər böyük sənətkarlarımız var. Böyük sənətkarlarımıza da bu dəyəri verib, onları teatrda saxlamayacaqsınızsa başqa kimi saxlayacaqsınız?! Onlar çox qalmayıb. Sənətkarları teatrdan çıxararaq küsdürə bilmərik, onlar ömür boyu bizim üzümüzü güldürüblər. 5-10 nəfəri tetarda saxlamaq böyük problem olmamalıdır. Onun tərəfdarı ola bilərdim ki, qocaman aktyorların repertuar yükünü qismən azaldıb, yükü gənclərin çiyninə qoysunlar. Hər zaman sənətkarları layihələrimə dəvət edəndə deyirəm ki, imkan yaradın, biz sizinlə işləyək. Onları dəvət edəndə demirəm ki, gəlin bizimlə işləyin. Onlara küçədə salam verməyin özü mənim üçün böyük şərəfdir. İmkanım olsaydı bir teatr açıb, onlara rollar verərdim. Peşəkarlarla bir səhnəni paylaşanda özüm də peşəkarlaşıram" deyə aktyor bildirib.