Nazir müavinin qızı “ilin ən yaxşısı” seçildi - Fotolar

10:49 27 Dekabr 2022

Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyi “İlin yekunları”na dair tədbir keçirib.

“Sitat.info” xəbər verir ki, tədbirdə 2022-ci ilin ən yaxşıları mükafatlandırılıb. 

İlin ən yaxşı məşqçiləri nominasiyasında 3 nəfər fərqlənib. “Qarabağ”la avrokuboklarda uğurlu nəticələr əldə Qurban Qurbanov, Avropa çempionu olan yunan-Roma güləşi üzrə millinin çalışdırıcısı Aleksandr Tarakanovla yanaşı bədii gimnastika yığmasının məşqçisi Siyana Vasileva da seçilənlər arasında yer alıb. 

Onun mükafata layiq görülməsindən sonra kimliyi barədə sosial şəbəkələrdə müzakirələr aparılıb. Siyana Vasileva gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır. 

Vasilevanın 26 yaşı var. Siyana 2 il öncə keçirilən yarışlarda aldığı zədədən sonra idmançı karyerasını başa vurub. Bundan sonra isə o, məşqçiliyə başlayıb. Qrup hərəkətləri üzrə milli komandanın çalışdırıcısı olub və hazırda da buna davam edir. 

Onun rəhbərliyi altında komanda Bolqarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı. 

Həmçinin komanda İsrailin Təl-Əviv şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çoxnövçülük yarışlarında bürünc medala layiq görülüb./Qafqazinfo

 







Xəbər xətti