Ukrayna müharibəsi başlayandan bəri Donbas cəbhəsində ciddi irəliləyiş əldə edə bilməyən Rusiya qüvvələri 11 ayın sonunda Ukrayna müdafiəsinə nüfuz etdiklərini və Donetsk vilayətinin Solidar qəsəbəsini ələ keçirdiklərini bəyan ediblər.
Sitat.info xəbər verir ki, Rusiya tərəfi qəsəbənin süqutunu “Donbas cəbhəsində ilk böyük qələbə” kimi elan edərkən, Ukrayna Müdafiə Nazirliyi “Ruslar istəklərini real göstərməyə çalışırlar. Tələsməsinlər. Solidar hələ də bizim nəzarətimizdədir”, ifadələri işlədilib.
"Vaqner" kimi tanınan muzdlu ordunun rəisi Yevgeni Priqojin ilk olaraq Solidarın Rusiyanın nəzarətində olması iddiasını açıqlayıb. Şəhərin altındakı duz mədəni tunelləri ilə mərkəzə çatdıqlarını bildirən Priqojin foto da paylaşıb.
Priqojindən sonra Donetsk Xalq Respublikası kimi tanınan rusiyapərəst separatçıların lideri Denis Puşilin də qəsəbənin ələ keçirildiyini bildirib: “Ukrayna müdafiəsinin belini qırdıq. Solidarın alınması ilə Bəhmutun yolu açıldı”.
Ukrayna prezidenti Vladimir Zelenski Solidarda toqquşmaların davam etdiyini və Donbasın müdafiəsinin pozulmadığını bildirib.
Seymur Bənnayev
Sitat.info