BMT ərzaq və qidalanma böhranında olan milyonlarla uşaq üçün təcili tədbirlər görməyə çağırır.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının agentlikləri görünməmiş ərzaq böhranından ən çox təsirlənən 30 milyondan çox həssas uşağı qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.
BMT-dən verilən açıqlamaya görə, münaqişələr, iqlim dəyişikliyi, Kovid-19-un davamlı təsiri və artan yaşayış xərcləri kimi amillər milyonlarla uşağın aclıq yaşamasına səbəb olur, əsas sağlamlıq, qidalanma və digər əsas xidmətlərə əlçatanlıq azalır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF), Ümumdünya Ərzaq Proqramı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların aclıq səbəbindən qarşılaşdıqları problemlərin həlli ilə bağlı qlobal fəaliyyətə çağırıb.
Bu plana Əfqanıstan, Burkina Faso, Çad, Konqo, Efiopiya, Haiti, Keniya, Madaqaskar, Mali, Niger, Nigeriya, Somali, Cənubi Sudan, Sudan və Yəmən və digər ölkələrdəki uşaqların müalicəsi daxildir.
Çoxsahəli bir yanaşma ilə bu qlobal plan qida, sağlamlıq, su, kanalizasiya və sosial müdafiə sistemləri vasitəsilə ana və uşaqların prioritet qidalanmasında fəaliyyətləri dəstəkləyir.
BMT agentlikləri həmçinin bu böhranın faciəyə çevrilməsinin qarşısını almaq üçün "qətiyyətli və vaxtında hərəkətə keçməyə" və bu işə daha çox sərmayə qoymağa çağırıb.
Səid İsaoğlu,
Sitat.info