"Belarus ordusunun Rusiyanın Ukraynaya müdaxiləsinə qoşulacağı ehtimal edilir. Bunun bir çox əlamətləri görünür".
Sitat.info xəbər verir ki, bunu polşalı hərbi analitik, “Rochan Consulting” analitik mərkəzinin rəhbəri Konrad Muzyka Britaniyanın “Sky News” kanalına açıqlamasında deyib.
Muzyka qeyd edib ki, Belarus ordusu aprel ayından davamlı olaraq təlimlərdə olub. Keçən il Belarus hərbçilərinin təlim fəaliyyəti SSRİ-nin dağılmasından sonra ən yüksək göstərici olub.
“Onlar Belarusun müharibəyə girməsi üçün lazım olan bütün hərbi imkanları praktiki olaraq işləyib hazırlayıblar”, - ekspert bildirib.
O, həmçinin bildirib ki, Belarus bu yaxınlarda öz ehtiyatları ilə bağlı məlumatları yeniləyib.
"Bu o deməkdir ki, hərbi ehtiyat sistemi artıq səfərbərliyə hazırdır. İndi onlara səfərbərliyə başlamaq və müharibəyə başlamaq üçün siyasi qərar lazımdır. Hər şey Belarusun gələcəkdə nə vaxtsa müharibəyə girəcəyindən xəbər verir" - deyə ekspert bildirib.
Nərgiz,
Sitat.info