Azərbaycan güləşçiləri beynəlxalq turnirdə bir gümüş, bir bürünc medal qazanıblar

23:03 3 Mart 2023

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turniri davam edir.

Sitat.info-nun məlumatına görə, bu gün ənənəvi yarışda ilk medalçılar müəyyənləşib.

Azərbaycanın sərbəst güləşçisi İntiqam Vəlizadə (61 kq) həlledici görüşdə türkiyəli Recep Topala (1:4) məğlub olaraq gümüş medal qazanıb.

İbrahim Yusubov (92 kq) ilk mərhələdə ukraynalı Denis Sahaliuku 7:2 hesabıyla üstələsə də, 1/4 finalda Bolqarıstan təmsilçisi Ahmed Batayevə uduzub – 3:7. İbrahim bürünc medal uğrunda görüşdə moldovalı Andrian Qrosul (6:1) üzərində inamlı qələbə qazanaraq Azərbaycanın hesabına 2-ci medalı yazdırıb.

Qadınların yarışında Elis Manolova (62 kq) A qrupunda 2 amerikalı güləşçiyə rəqib olub. Cenifer Peyc Rocerslə (4:9) bacarmayan qadın güləşçimiz əvəzində Canida Cam Qarsiyanı üstələyib – 3:0. Qrup ikincisi kimi yarımfinala yüksələn Elis yaponiyalı Yuzuka İnaqakiyə uduzub – 0:6. Manolova sabah bürünc medal uğrunda görüşdə yenidən Rocerslə qarşılaşacaq.

Qeyd edək ki, martın 4-də Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Rahid Həmidli, Georgi Meşvildişvili (hər ikisi 125 kq), Mariya Stadnik və Türkan Nəsirova (hər ikisi 50 kq) da mübarizəyə qoşulacaq.

Turnirə bazar günü yekun vurulacaq.



Xəbər xətti