Dünya çempionatının bürünc mükafatçısı: "Məqsədim olimpiadaya lisenziya qazanmaqdır"

18:50 27 Mart 2023

"Məqsədim Avropa Oyunlarına yaxşı hazırlaşıb, olimpiadaya lisenziya qazanmaqdır".

Sitat.info xəbər verir ki, bunu Hindistanın paytaxtı Yeni Dehlidəki dünya çempionatında bürünc medal qazanmış Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Bakıda qarşılama zamanı deyib.

81 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarışa çox ciddi hazırlaşdıqlarını bildirib: "Hindistana medal əldə etmək üçün yollanmışdıq. Buna həm fiziki, həm də psixoloji cəhətdən hazır idim. Ən əsası isə özümə inanırdım. Döyüşlərim də yaxşı alındı. Yarımfinalda reytinqli rəqiblə qarşılaşdım. Lakin fikrimcə, qələbə rəqibə verilməli deyildi".

Millinin baş məşqçisi Yadigar Məmmədov 9 ildən sonra mundialda qazanılan bürünc medalı yığma üçün uğurlu adlandırıb.

O, növbəti yarışlarda komandasının daha yaxşı çıxış edəcəyinə inandığını deyib: “Mundiala 6 idmançı ilə yollanmışdıq. Onlardan Zeynəb Rəhimova (54 kq) 2, Məhsəti Həmzəyeva (57 kq) 1 qələbə qazandı. Dünya reytinqində 3-cü olan Aynur Rzayeva dünya çempionatını bürünc medalla bitirdi. Onun finala yüksələ bilməməsində isə çəkisinin rəqiblə müqayisədə az olması rol oynadı. Amma qarşıdakı yarışlar üçün Aynurun çəki dərəcəsində dəyişiklik edəcəyik. Çünki olimpiya çəkisi 75 kq olduğu üçün Rzayevaya yeni proqram tərtib edəcəyik ki, o, bu çəkidə rahat işləsin”.



Xəbər xətti