Mətbuat Şurasından saytlara irad: "İP qazanmaq üçün ucuz yollara əl atmayın"

17:04 17 May 2023

Azərbaycan Mətbuat Şurası Etika Komissiyası ötən gün saytlarda yayımlanan bir xəbərin aldadıcı başlıqla  verilməsinə münasibət bildirib. 

Sitat.info  xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid bu barədə yazıb. 

O qeyd edib ki, yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir: "Dünən bəzi xəbər saytlarında "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü" başlığı ilə xəbər yayımlanıb. Oxucular isə ilk baxışdan söhbətin müğənni Cavanşir Məmmədovdan getdiyini düşünüb. Təbii ki, bu da haqlı olaraq müğənni və onun yaxınları tərəfindən narahatlıq və narazılıqla qarşılanıb. 
Əslində isə xəbərdə söhbət Biləsuvar rayon Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov adlı şəxsdən gedir. Mərhuma Allahdan rəhmət diləyirik. 
Bunu deməyi vacib hesab edirik ki, belə yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir. Çünki xəbərin sərlövhəsinə aldanan oxucuda həmin başlığı yayan sayta və ümumilikdə mətbuata inamsızlıq yaranır. Təəssüf ki, bu cür hallar peşəkar jurnalistikaya ciddi zərbə vurur.
Yaxşı olar ki, bu cür yanıldıcı başlıqlarla xəbər yayan mətbuat orqanları İP qazanmaq üçün belə ucuz, qeyri-peşəkar yollara əl atmasın və oxucuları daha ciddi xəbərlər, gərəkli araşdırmalar, reportajlarla cəlb etməyə çalışsın".

Məğrur,

Sitat.info



Xəbər xətti