Hər şey bir arzuyla başladı- insanların qəlbinə sevgi, şəfqətlə toxunub şəfa ola bilmək. Pandemiya dövrünün ən çətin dönəmlərində, üzlərdəki ümidsizliyi, qəlblərdəki "sabah nə olacaq" həyəcanını dindirə bilmək üçün gecə-gündüz usanmadan çalışaraq "Səsdən Könüllərə" layihəsini ərsəyə gətirdi. Çox sevdiyi psixologiya sahəsində ixtisaslaşdıqdan sonra Beynəlxalq Kouçluq Federasiyasının PCC ünvanını da qazanaraq artıq səsini təkcə ölkə daxilində deyil, sərhədlərin o üzündə də yüzlərlə insana çatdırmağı düşünürdü. Zamanla layihə ətrafında öz sahəsində sözünü deyə bilən insanları topladı- Səslərini Könüllərə eşitdirmək üçün.
Nəhayət ki, həmin gün gəlib çatdı. Landmark otelinin Rotunda zalında eyni gündə iki möhtəşəm tədbir keçirildi - "Səsdən Könüllərə" Beynəlxalq Kouçluq layihəsinin təqdimatı və layihənin siması, yaşam kouçu və şair Ülvi Yolçuyevin "Qeybət " adlı şer gecəsi.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Əsmər xanım ardıcıllıqla iştirakçılara söz verdikdən sonra tədbir iştirakçılarına layihənin əsas məram və məqsədləri, hədəfləri haqqında geniş məlumat verdi.
Tədbir dahi Nəsiminin sözlərinə yazılmış "Mən bu cahana sığmazam" musiqili kompazisiyanın sədalarıyla 2-ci hissəyə- şer gecəsinə keçid aldı.
Gecədə bir-birindən maraqlı, bəzən lirik, bəzən təbiəti əks etdirən, bəzənsə insanı özü-özüylə dialoqa sövq edən şeir nümunələri müəllif Ülvi Yolçuyev tərəfindən dinləyicilərə təqdim olundu. Sonda zaldakı bütün xanımlara incəlik, məsumluq və daimi təravət rəmzi olan qızılgül təqdim olundu.
Tədbirin sonunda hər bir iştirakçı öz ürək sözlərini dilə gətirərək, layihənin daha böyük uğurlara imza atmasını arzu etdilər.
Səid,
Sitat.info