Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə sabah saat 12:00-dan etibarən Ukraynada 36 saatlıq atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Ukrayna cəbhəsi ilə bağlı verdiyi açıqlamada Prezident Aparatının müşaviri Podolyak “Rusiya işğal etdiyi əraziləri tərk etməlidir, yalnız bundan sonra müvəqqəti atəşkəs olacaq” deyib.
Sitat.info xəbər verir ki, Kremldən verilən yazılı açıqlamada, Putinin Ukraynada pravoslav Milad dövrü ilə əlaqədar olaraq Müdafiə Nazirliyinə müvəqqəti atəşkəs əmri verdiyi bildirilib.
“Münaqişələrin baş verdiyi ərazilərdə çoxlu pravoslavların olduğunu əsas götürərək, biz Ukrayna tərəfini Milad bayramı zamanı insanların dini mərasimlərdə iştirak edə bilməsi üçün atəşkəs elan etməyə çağırırıq”, - deyə məlumatda bildirilir.
Rus Pravoslav Kilsəsinin lideri Patriarx Kirill 6-7 yanvar tarixlərini əhatə edən pravoslav Milad dövründə Ukraynada atəşkəsə çağırıb.
Prezident Aparatının müşaviri Podolyak Ukrayna cəbhəsindən verdiyi son açıqlamada “Rusiya işğal etdiyi əraziləri tərk etməlidir, yalnız bundan sonra müvəqqəti atəşkəs olacaq” deyib.
Seymur Bənnayev
Sitat.info