Ukrayna Silahlı Qüvvələrinin rəsmisi Sergey Çerevatı Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Kramatorsk şəhərinə raket hücumu nəticəsində 600-dən çox ukraynalı əsgərin həlak olması ilə bağlı bəyanatını təkzib edib.
Sitat.info xəbər verir ki, Ukraynanın “Ukrinform” xəbər agentliyində yer alan xəbərə görə, Çerevatı Rusiya Müdafiə Nazirliyinin Donetsk vilayətinin Kramatorsk şəhərinə Rusiyanın hücumları ilə bağlı açıqlamasına reaksiya verib.
Rusiya ordusunun yüksək dəqiqlikli hücumlar həyata keçirmək imkanının olmadığını əsas gətirən Çerevatı deyib:
"Bu məlumat onların bütün HİMARS-larımızı məhv etmələri ilə bağlı məlumatlar qədər "dəqiq" ola bilər. Bu, informasiya təxribatıdır. Onların belə bir şansı yoxdur”.
Digər tərəfdən Ukraynanın Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Pavlo Kirilenko Rusiya ordusunun Kramatorsk şəhərinin mülki infrastrukturuna 7 raket atdığını və hücumda can itkisinin olmadığını bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Kramatorska raket hücumu nəticəsində 600-dən çox Ukrayna əsgərinin həlak olduğunu iddia edib.
Səid İsaoğlu,
Sitat.info