Peruda hökumət əleyhinə davam edən etirazlarda daha 17 nəfər ölüb, ümumi insan itkisi 43-ə yüksəlib.
Sitat.info xəbər verir ki, Peruda keçmiş prezident Pedro Kastilyonun dekabrın 7-də Konqres tərəfindən devrilməsindən sonra başlayan etirazlar davam edir. Kastilyodan sonra prezident olan Dina Boluartenin istefasını və vaxtından əvvəl seçki keçirilməsini tələb edən etirazçılar Juliaca şəhərinin hava limanında təhlükəsizlik qüvvələri ilə toqquşub.
Etirazçılar barrikada kimi iri metal lövhələrdən istifadə edib və polisə daş atıblar. Bildirilib ki, polis gözyaşardıcı qazla müdaxilə edərkən, ərazidən silah səsləri yüksəlib.
Peru Ombudsman Aparatından verilən açıqlamada qarşıdurmalarda daha 17 nəfərin həyatını itirdiyi bildirilib. Beləliklə, dekabr ayından bəri ölkədə hökumət əleyhinə etirazlarda həyatını itirənlərin sayı 43-ə yüksəlib.