“Prezident və hökumət nümayəndələri bir neçə dəfə öz çıxışlarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artımının az olmasını problem saymadıqlarını deyiblər. Dünyada doğrudan da belə baxış bucağı mövcuddur, amma iqtisadi nəzəriyyə və praktika onu deyir ki, hansısa ölkədə ÜDM göstəriciləri pisləşəndə bu xalqın, əhalinin gəlirlərinə, dolanışığına mənfi təsir edir, həyat səviyyəsi aşağı düşür”.
Sitat.info xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində bildirib.
Ekspert qeyd edib ki, 2026-cı ilin ilk 3 ayında Azərbaycanda ÜDM 0,3% azalıb:
“2026-cı ilin ilk rübünün göstəriciləri açıqlanıb, Azərbaycanda iqtisadi tənəzzül olduğu, iqtisadi vəziyyətin yaxşı olmadığı açıq görünür və hökumət artıq bu tendensiyanı görməzdən gələ bilməz, mütləq ciddi islahatlara start verməlidir.
İlin ilk 3 ayında Azərbaycanda ÜDM 0,3% azalıb, yəni, ressesiya başlayıb. Onu da nəzərə alaq ki, mart ayında neft qiymətləri kəskin artıb, buna baxmayaraq, ÜDM-də azalma var, deməli, problemlər çox dərinləşib.
Qonşularımıza baxanda görürük ki, Gürcüstanda 8,4%, Özbəkistanda 7%-dən çox, Qıröızıstanda 8,8% ÜDM artımı var.
Digər göstəricilər də ürəkaçan deyil – bu ilin ilk 2 ayında Azərbaycanın ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 23,5% azalıb, ixarac 9,6%, idxal isə 37,1% azalma göstərib. Bu çox təhlükəli tendensiyadır, insanların alıcılıq qabiliyyəti düşüb, biznes isə investisiya yönümlü avadanlıq almır”.
N.Cəfərli vurğulayıb ki, ölkə üzrə problemli kreditlərin faiz dərəcəsi 2,5%-ə çatıb:
“Gələk vətəndaşın gəlirlərinə - bu ilin əvvəlində insanların gəlirləri nominal ifadədə 5,3% artıb (bu pis deyil), amma, ölkədə rəsmi inflyasiya 5,7% olub – yəni inflyasiya vətəndaşın gəlir artımını yeyib-bitirib, vətəndaşın real gəlirləri azalıb.
Bu il problemli kreditlərin həcmi də artıb – 2026-cı ilin yanvarın Azərbaycanın bank sektorunın qeyri-işlək, probli kreditlər portfeli 763 milyon manat təşkil edib. İlin-ilə müqaisədə qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat, biznes kreditlərində isə 54 milyon manat artım olub. Nəticədə, qeyri-işləklərin cəmi kredit portfelində payı 0,1 faiz bəndi artaraq 2,5 % təşkil edib.
Xatırladım ki, iqtisadi nəzəriyyəyə görə problemli kreditlər ümumi kreditlərin 3%-ni keçərsə, bu təhlükəli hal sayılır. Azərbaycanda artıq 2,5%-ə çatıb, sürətlə də artır, ilin sonuna, çox güman, 3%-i keçəcək.
Hörmətli hökumət, vəziyyət çox ciddidir, lütfən fərqinə varın, problemlər qar uçqunu kimi artmamış, həlli yollarını tədbiq edin. Kiçik-orta sahibkarlıq boğulur, qiymətlər sürətlə artır, insanların real gəlirləri azalır, iqtisadi daralma yaşanır – daha nə olmalıdır ki, həyəcan siqnalını eşidib, hərəkətə keçəsiniz?!”