Yaşamaqdan imtina edənlərin sayı niyə artıb: Ciddi elmi araşdırmalara ehtiyac var!

14:46 16 Avqust 2022

Son vaxtlar intiharlar daha da çoxalıb. Təəssüf ki,  intihar edənlərə qarşı simpatiya ifadə edənlərin sayı da artıb. İnsanlar onları müdafiə edir, intihara təşviq edənləri haqlı olaraq lənətləyir, qurbanlar haqqında gözəl sözlər danışır. Hər nə qədər təbii proses olsa da, bu bir növ təşviq rolunu oynayır. İstər qazilərimizin intiharı olsun, istər məktəblilərin, istərsə də qadınların ailə münaqişələri zəminində, hətta  bəzən övladları ilə birgə intihar etmək cəhtləri...  Bunun qarşısını necə almaq olar ? Ucuz ölümə aparan səbəblər nədir ?

Mövzi ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu çox ağrılı mövzudur: "Çox təəsüf ki, bu suallarla bağlı 10 ildən artıqdır izahat verib, şərh etsək də adiyyatı qurumlar sanki kardır, bunları eşitmir. Bu dəhşətli bir şeydir. Cəmiyyətimizdə təkcə intihar hadisələri çoxalmayıb, başqa xoşagəlməz, arzuolunmaz hallar da çoxalıb. İstər bu ailə zəminində qətl olsun, istər başqalarını öldürmək olsun, istər boşanma hadisələri , bu cür arzuolunmayan hallar çoxalıb. Təbii ki, bunların qarşısını almaq olar. Amma bunun üçün vacib olan işlər görülməlidir. Cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır. Bu cəmiyyət 20-30 il əvvəlki cəmiyyət deyil. Cəmiyyət belə mürəkkəbləşəndə artıq hökmən elmin köməyindən istifadə etmək lazımdır. Çünki mürəkkəbləşən bir cəmiyyəti təkcə kiminsə ağlının gücünə,  "hansısa anlitik, psixoloq və ya sosioloq belə dedi"  kimi  sözlərlə müəyyənləşdirmək absurddur, bu mümkün deyil. Burada həm də elmin köməyindən istifadə etmək lazımdır".

Ə.Qəşəmoğlu vurğuladı ki, bu elm barədə təəssüf ki, bizim məmurların heç xəbərləri yoxdur: "Amma yer üzündə  200 ildir ki, bu sahədə elm formalaşır. Fransadan başlayaraq, 19-cu əsrin əvvəllərindən indiyədək. Amma bizimkilərin bundan xəbəri də yoxdur. Bu barədə danışana da bir təhər baxırlar ki, mən böyük nazir ola-ola, qurumun rəhbəri ola-ola sosioloqa niyə qulaq asmalıyam. Yəni,  gülünc bir şeydir. İstənilən böyük bir adam ikimərtəbəli ev tikmək üçün də bir inşaatçını dəvət etməlidir. Bu sahədə də sosioloqun dediyinə qulaq asmaq lazımdır. Bizdə o elmi tədqiqatlar aparılmır. Hətta kimsə aparanda da formal, başa düşmədiyi metodlardan istifadə edir. Halbuki, ciddi bu elmi mərkəzlər yaradılmalıdır". 

Əhməd Qəşəmoğlu bu elmi mərkəzlərdə nə olacağını da qeyd etdi : "Hər hansı bir davranışın formalaşmasında dörd mühüm amil rol oynayır. Biri insanların öz fərdi psixoloji xüsusiyyətləridir ki, bu hər adamda bir cür olur. Kimlərsə də psixoloji durumuna görə intihara meylli olurlar. Belə bir şey anadangəlmə olur. Amma mühit elə olur ki, o meylliliyi ya bloklayır, ya da inkişaf etdirir. Deməli hər adam intihar edə bilməz.  İntihar alnız o adamlarda olur ki, onlarda müəyyən bir daxili təsir faktoru, bunu formalaşdıran bir faktlar var. Üçüncü amil aldığı informasiyalardır. Dördüncüsü isə insanların üstünlük verdiyi dəyərlərdir. Bunların hamısı bir yerdə insanın davranışını formalaşdırır, intihara meylliliyini azaldır və ya artırır. Amma intiharın baş verməsində başqa iki mühüm amil həlledici rol oynayır. Bunun biri insanın özünü həyatda təsdiq edə bilməsidir. Bir də sabaha ümidi olmalıdır.  Biz indi çox ciddi diqqət verməli, risk qruplarında olan, intihara meyilli olan insanları araşdırmalıyıq ki, onlar niyə özlərini təsdiq edə bilməyiblər. Elmi araşdırma lazımdır ki, görək bu intihar edənlər kimlərdir, bunları nə vadar edir. Belə elmi tədqiqatlar varmı, yox. Formallıq xətrinə hər hansı bir sturukturda statistikanı təhlil edəcəklər, deyəcəklər elm. Amma ciddi elmi təhlil etmək lazımdır". 

Sosioloq vurğuladı ki, biz insanlarımızın, gənclərimizin, qazilərimizin özlərini cəmiyyətdə təsdiq edə bilməsinə çalışmalıyıq: "Yəni iş yeri olsun, köməksizdirsə, ona əlavə bir köməklər olsun və insanların sabaha bir ümidləri olsun. Sən bilirsən ki, bir ildən sonra, beş ildən sonra səni yaxşı bir şeylər gözləyə bilər. Bəzən hətta elə olur ki, insana yaxşı yaşaması, özünü təsdiq etməsi üçün bu dəqiqə kömək etmək olmur. Amma sabaha ümidini artırmaq olar. Bu sahədə işlər görülməsə, proqnozlar daha da çox qorxulu olacaq".

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti