Avropa İttifaqından İrana yeni sanksiyalar

21:34 14 Noyabr 2022

Avropa İttifaqı (Aİ) Məhsa Əmininin ölümü və sonra başlayan nümayişlərə müdaxilələrə görə 29 İran vətəndaşı və 3 təşkilata qarşı yeni sanksiya tətbiq etmək qərarına gəlib.

Sitat.info xəbər verir ki, Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında İrana qarşı sanksiyalar siyahısının genişləndirilməsi qərara alınıb.

İnsan haqlarının pozulması səbəbiylə qəbul edilən qərar çərçivəsində İranın daxili işlər naziri Əhməd Vahidi, Əminini həbs edən komandanın 4 üzvü, İran İnqilab Keşikçiləri Ordusunun bəzi komandirləri və Quru Qoşunları komandanı Kümərs Heydəri sanksiyaya əlavə edilib.

Bundan əlavə, İranın Press TV telekanalı, İT şirkəti və Bəsic milisləri ilə əlaqəli bir fond da siyahıya daxil edilib.

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sanksiyalarla bağlı açıqlamasında İran nümayişçilərinə qarşı zorakı müdaxilələri qətiyyətlə pislədiklərini bildirib. İran xalqının yanında olduqlarını bildirən Borrell, dinc nümayiş haqqını dəstəklədiklərini, iranlıların öz tələb və fikirlərini sərbəst ifadə edə bilmələri lazım olduğunu vurğulayıb.

Aİ-nin sanksiyalarına səyahət məhdudiyyətləri, aktivlərin dondurulması və İranın fiziki və hüquqi şəxslərinin maliyyələşdirilməsinə qadağa daxildir. Bundan əlavə, ölkədə təzyiq vasitəsi kimi istifadə oluna biləcək avadanlıq və monitorinq cihazlarının İrana satışı da sanksiyalar çərçivəsindədir.

Son qərarla AB-nin İrana qarşı insan haqlarının pozulması səbəbiylə sanksiya siyahısında yer alan şəxslərin sayı 126-ya, təşkilatların sayı isə 11-ə yüksəlib.

Kimyəvi silahlarla bağlı sanksiyalar:

Avropa İttifaqı Xarici İşlər Nazirləri Toplantısında 10 nəfər və 1 təşkilat Suriyada kimyəvi silahdan istifadə və rusiyalı müxalif Aleksey Navalnının zəhərlənməsi ilə əlaqəsi olduğu əsası ilə sanksiya siyahısına əlavə edilib.

Navalnının zəhərlənməsi ilə bağlı Rusiya təhlükəsizlik xidmətinin FSB-nin bəzi yüksək vəzifəli şəxsləri və Rusiya kimyəvi silah ekspertlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Suriyada kimyəvi silahdan istifadə ilə əlaqədar olaraq rejimə təchizat təmin edən şirkət və onun Suriya əsilli Kanada vətəndaşları siyahıya salınıb.

Seymur Bənnayev,

SİTAT.İNFO

 

 



Xəbər xətti