Amazon-un qurucusu Ceff Bezos 124 milyard dollarlıq sərvətinin böyük hissəsini sağ ikən xeyriyyəçilik üçün xərcləməyi planlaşdırdığını bildirib.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Amazon-un qurucusu və dünyanın 4-cü ən varlı adamı olan Bezos sərvətinin böyük hissəsini iqlim dəyişikliyi ilə mübarizəyə həsr edəcəyini bildirib.
Planı haqqında ətraflı məlumat verməsə də, Bezos sərvətinin böyük hissəsini bağışlayacağını ilk dəfə paylaşıb.
O, bu yolla dərin sosial və siyasi qopmalar qarşısında insanlığı bir araya gətirə bilənlərə dəstək olmaq istədiyini bəyan edib.
Daha əvvəl varlı insanları öz sərvətlərini xeyriyyəçiliyə sərf etməyə təşviq edən "Giving Pledge" kampaniyasında iştirak etmədiyi üçün tənqid hədəfinə çevrilmişdi. Bundan sonra, son bir neçə ildə xeyriyyə təşkilatlarına milyardlarla dollar ianə edib.
Bloomberg Milyarderlər İndeksinə görə, 58 yaşlı Bezosun sərvəti 123,9 milyard dollardır. Məşhur milyarderin sərvəti bu il təxminən 70 milyard dollar əriyib.
Bezosun keçmiş həyat yoldaşı MacKenzie Scott 2019-cu ildə boşandıqdan sonra sərvətinin təxminən 12 milyard dollarını xeyriyyə təşkilatlarına bağışlayıb.
/Manset.az