Ukrayna Baş Qərargahı: “Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır"

09:27 16 May 2022

“Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır. Rusiya aviasiyası şərq əməliyyat zonasında mülki və hərbi infrastruktura və Ukraynanın dərinliklərindəki sənaye obyektlərinə zərbələr endirib”.

Sitat.info Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Volın və Polissya istiqamətlərində düşmən fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin müəyyən hissələri Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Sərhəd zolağında, xüsusilə Ukrayna ərazisində mobil radiomonitorinq kompleksinin fəaliyyəti qeydə alınıb. Severski istiqamətində qarşı tərəf Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədində nəzarəti gücləndirib. Xarkov istiqamətində isə düşmən əsas səylərini mövqelərini qorumağa yönəldib. Qarşı tərəfin hava kəşfiyyatı davam edir”, - qurumdan bildirilib.

Rəsmi informasiyaya əsasən, Mariupolda Rusiya qoşunları kütləvi artilleriya və hava zərbələrini davam etdirir: “Qarşı tərəfin əsas səyləri “Azovstal” ərazisindəki müdafiə qüvvələrimizi məğlub etməyə yönəlib. Ötən gün düşmənin 11 hava hədəfi vurulub. Onlardan 2-si helikopter, 7-si PUA, 2-si qanadlı raketdir.

Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində düşmənin 17 hücumu dəf edilib. Həmçinin 3 tank, 1 artilleriya sistemi, 6 zirehli döyüş maşını və 1 nəqliyyat avtomobili məhv edilib. Şəxsi heyətin itkiləri dəqiqləşdirilir”.

 

 



Xəbər xətti