İranda unun qiyməti 10 dəfə ARTIRILDI – Aztəminatlı ailələrə kompensasiya ÖDƏNİLƏCƏK

13:27 16 May 2022

İranda çörəyin qiymətinin artması onun satışının və istehlakının da azalmasına səbəb olub.

Sitat.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tehranın Çörək İstehsalçıları Birliyinin sədri Məhəmməd Cavad Kərəmi yerli mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, unun qiymətinin birdən-birə 10 dəfə artması mağazalarda satılan bütün növ çörəklərin qiymətinin artmasına səbəb olub.

Bununla yanaşı, Tehranda çörək satışının və istehlakının da 50 faiz azaldığını nəzərə çatdıran M.C.Kərəmi insanların daha ucuz çörək növlərinə üstünlük verdiklərini bildirib. İranda ucuz çörək növü isə lavaşdır.

Qeyd edək ki, artıq bir ilə yaxındır İranda ərzaq mallarının qiyməti durmadan yüksəlir. Nəqliyyat, tibbi xidmətlərinin, sənaye və kənd təsərrüfatı mallarının qiyməti son 3 ay ərzində xeyli bahalaşıb.

İnflyasiyanın artması fonunda əmək haqqının olduğu kimi qalması əhalidə narazılıq yaradıb. Bununla yanaşı, unun qiymətinin birdən-birə 300 faiz yüksəlməsi əhalinin etirazına səbəb olub.

Ölkənin Kirman, Sistan-Bəlucistan, Çaharmahal-Bəxtiyati, Xuzistan və digər vilayətlərində kütləvi etiraz aksiyaları keçirilir. İnsanlar ərzaq mallarının qiymətlərinin aşağı salınmasını tələb edirlər. İran hökuməti əhalinin aztəminatlı ailələrinə kompensasiya ödəməyə başlayıb.

Lakin kompensasiya cüzi olduğu üçün insanların tələbatını ödəmir. Ölkə üzrə bir çox mağazalarda yumurta, toyuq əti, yağ və başqa ərzaq mallarının qıtlığı yaranıb.

İrana qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar vəziyyəti daha da gərginləşdirir. Hökumət Qərb dövlətləri ilə tez bir zamanda anlaşıb sanksiyaların aradan qaldırılmasına çalışır. Vyanada artıq davam edən danışıqlar hələlik bir nəticə vermir.

Danışıqların nəticəsi olacağı təqdirdə bəzi sanksiyalar aradan qaldırıla bilər. Bu zaman İran bir sıra dövlətlərin banklarında dondurulmuş maliyyə vəsaitlərini alaraq ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırar.

Lakin görünən odur ki, fürsətdən istifadə edən Qərb dövlətləri nüvə proqramından başqa tələblər də irəli sürürlər ki, İranda milli maraqlarını nəzərə alaraq bu tələbləri qəbul etməkdan imtina edir.

Yerli mətbuatın yazdığına görə, xarici banklarda İranın 100 milyarda yaxın dondurulmuş maliyyə vəsaiti var. Neft satışından əldə olunan bu vəsaitlər sanksiyalar ucbatından dondurulub və İrana qaytarılmır.



Xəbər xətti