Qərb Ukraynanı artıq “qalib” edib: Əsl vəziyyət budur

13:10 25 May 2022

Qərbin Rusiyanı analiz etməklə bağlı ciddi problemləri var. Müharibə başlayandan bəri ən çox yayılan tezislərdən biri o idi ki, Rusiya hərbçilərin itkilərinə, iqtisadi çətinliklərə görə çox tez bir zamanda çökəcək, orta statistik rus vətəndaşı insan itkilərinə və iqtisadi çətinliklərə görə ayağa qalxıb, Putin rejimini devirəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli Qərb analitiklərinin çox yanlış proqnozlar verdiyini bildirib.

Onun sözlərinə görə, Rusiyanın bütün hakimiyyətləri insan həyatını heçə sayıblar, onlar üçün əsgər-zabit ölümləri faciə deyil, ancaq statistikadır:

“İqtisadiyyata gəldikdə isə orta statistik rus deyir ki, ac olaram, amma torpaqlarımı qaytararam, yoxsul olaram, amma imperiyamızı quraq. Yəni bu gün müharibəni başlayan, aparan “Kollektiv Putin”dir, o, rus cəmiyyətinin, orta statistik rusiyalının sözçüsü, onların arzularının ifadəçisidir.

Ukrayna və Qərb mətbuatı həm də müharibəni başqa cür təqdim edir, sanki artıq Ukrayna tam qələbə qazanır, lap az qalıb, hər gün Arestoviç (Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri – red.) milli, ölkədaxili sakitləşdirici “həb” rolunda çıxış edir, hər şeyin yaxşı olduğunu söyləyir”.

N.Cəfərli vurğulayıb ki, 2022-ci il fevralın 24-nə qədər Rusiya Ukraynaın 7% torpağını işğal etmişdi – bura Krım və iki qondarma “respublikanın” əlində olan ərazilər daxil idi:

“Həmin günə işğal olunan torpaqların ümumi sahəsi 43.300 km2 idi (Azərbaycanın yarısı qədər). Bu günə, müharibədən 3 ay keçəndən sonra Rusiyanın işğal etdiyi ərazinin həcmi 125.570 km2-dir, Rusiya Ukrayna ərazisinin 20,8%-ni işğal edib – bu ərazi Macarıstanın, Bolqarıstanın ərazisindən böyükdür.

Bu gün Qərb hələ də düşünür ki, Rusiya Ukraynada 30, 40, 50, 100 min itki versə, müharibə dayana bilər.

Məncə, səhv analizdir. Rusiyanı müharibəyə son verməyə vadar edən tək məsələ tutduğu ərazilərin böyük bir qismindən vurulub-çıxarılması ola bilər – məhz bu faktor, torpaq itkisi orta statistik rusiyalıya təsir edə bilər. Əgər yaxın 2 ay ərzində Ukrayna ordusu Xerson və Zaporojye viyalətlərinin ərazisini işğalçı Rusiya ordusundan təmizləyə bilməsə, Rusiyada heç bir daxili etiraz olmayacaq, çünki əsrlərdir imperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin “uğur hekayəsini” rifahda, azad yaşamaqda deyil, torpaq almaqda görür”.

 

 



Xəbər xətti