Avropa Birliyi rəsmiləri Serbiya və Kosovo arasında yaşanan gərginliklə əlaqədar tərəfləri müzakirələr aparmaq üçün Brüsselə dəvət ediblər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Peter Stano bildirib.
O deyib ki, AB və üzv dövlətlər Kosovonun şimalında baş verən hadisələri yaxından və narahatlıqla izləyirlər. O, sabitlik və təhlükəsizliyə xələl gətirən, bütün vətəndaşların hərəkət azadlığına mane olan hər hansı razılaşdırılmamış və birtərəfli hərəkətlərin dərhal dayandırılmasının vacibliyini qeyd edib. Gərginliyin həllinin yeganə yolunun dialoq olduğunu vurğulayan P.Stano Serbiya və Kosovo rəsmiləri ilə daim təmasda olduqlarını, bu məsələdə NATO və ABŞ kimi beynəlxalq tərəfdaşlarla da əməkdaşlıq etdiklərini bildirib.
Avrokomissiyanın sözçüsü deyib ki, Aİ həll yolu tapmaq və bu cür gərginliyin yenidən yaranmasının qarşısını almağın yollarını müzakirə etmək üçün hər iki tərəfin rəsmilərini Brüsselə dəvət edib.