Putinin işğal əmri verdiyi gündən bu yana onlarla rus polkovniki və generalı qətlə yetirən ukraynalılar ilk dəfə bir qadın komandiri sıradan çıxarıblar. Ukraynalıları qətlə yetirməkdən həzz alması ilə öyünən və xüsusilə mülki insanları hədəfə alması ilə tanınan polkovnik Olqa Kaçura raketlə vurulub.
SİTAT.İNFO xəbər verir ki, Korsa adı ilə tanınan 52 yaşlı qadın komandir avtomobili ilə Horlivkada səyahət edərkən göydən ona doğru raket gəldiyindən "xəbərsiz" olub.
Avtomobili partladılan Korsanın ölümü həm Kremli, həm də Putini və kağız üzərində olan Donetsk Xalq Respublikasını şoka salıb.
Rusiya mətbuatı Olqa Kaçuraya ölümündən sonra “Rusiya Qəhrəmanı” və “Donetsk Xalq Respublikasının Qəhrəmanı” titullarının verildiyini açıqlayıb.
"Russia Today"-in baş redaktoru Marqarita Simonyan "Əfsanəvi Korsa Horlivkada öldü. Rəis (Putin) Korsaya Rusiya Qəhrəmanı titulunu verdi" mesajını paylaşıb.
“Xanım ölüm” kimi də tanınan Kaçura 2014-cü ildə Moskvanın dəstəklədiyi rusiyayönlü separatçıların üsyanından əvvəl Horlivka polis idarəsində mühafizəçi olub. Polis olan Kaçura daha sonra Donetskdə bəzi ərazilər əl dəyişdirəndə digər tərəfə keçib.
İşğaldan iki gün əvvəl Putin tərəfindən rəsmən tanınan Donetsk Xalq Respublikası Olqa Kaçura polkovnik rütbəsi verib. Qadın əsgər Kremlin media kanallarında ukraynalıları öldürməkdən həzz aldığını bildirib.
İki uşaq anası Olqa Kaçura bu günə qədər Ukrayna tərəfindən öldürülən 97-ci hərbçidir.
Son bir həftədə Rusiya ordusu Ukraynada daha iki zabitini itirib. Polkovnik-leytenant İvan Pozdeyev və polkovnik-leytenant Denis Sorokinin həlak olduğu təsdiqlənib. Məlum olub ki, Sorokin müharibənin əvvəlində ölüb.
Rəsmi məlumatlara görə, Ukraynada öldürülən ilk rus qadın əsgər Anastasiya Savitskayadır. Anastasiya Savitskayanın cənazəsi ötən ay ailəsinə təhvil verilib.
LƏMAN SƏRVANQIZI
SİTAT.İNFO