İran Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasını göndərib.
“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “The Washington Post” yayıb.
Sözügedən PUA-ların Ukraynaya qarşı müharibədə istifadə olunacağı ehtimal edilir.
Məlumata görə, PUA-ları daşıyan Rusiyanın yük təyyarələri avqustun 19-u İrandan ölkəyə doğru yola düşüb.
Bildirilir ki, burada söhbət əsas olaraq “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatlarından gedir. Bu PUA-lar isə radiolokasiya sistemləri, artilleriya qurğuları və digər hərbi obyektlərə atəş açmaq üçün nəzərdə tutulub.
Bununla belə, nəşr ABŞ kəşfiyyatında olan mənbələrə istinadən yazır ki, Rusiya ordusu İrandan əldə etdiyi PUA-ların işində çoxsaylı problem ilə üzləşib.
Mənbə qeyd edib ki, ilkin sınaqlardan sonra rusiyalı hərbçilər İran PUA-larından narazı qalıb. Çünki aparatların bəziləri istifadəyə yararsız olub. Bununla belə, ABŞ Rusiyanın İrandan yüzlərlə belə PUA almaq niyyətində olduğunu hesab edir.
/Qafqazinfo