Rus diversantlar Ukrayna ordusunun hərbi formasında mərkəzə sızır

13:54 25 Fevral 2022

Bu dəqiqələrdə Kiyevin hökumət binaları yerləşən hissəsində atəş səsləri eşidilir.

 “Associated Press” agentliyi bu barədə bildirir.

Habelə Ukrayna ordusunun formasını geyinmiş Rusiya diversantları şəhərin Oboloni rayonuna sızıblar və orada yaşayış evlərinə atəş açırlar. Habelə sosial şəbəkələrdə yayılan kadrlara əsasən küçələrdə üzərində tanınma nişanı olmayan Rusiya hərbi texnikası da gözə dəyir. Onlardan biri yolda hərəkət edərkən qəfil dönərək qarşı zolaqda gedən mülki avtomobili tapdalayıb.

 Habelə yaşayış rayonlarında Rusiya tankları qeydə alınıb, bir çox hallarda Rusiya texnikası yaşayış binalarının həyətinə daxil olub. Habelə tankdan yaşayış binasına atəş açılması faktı qeydə alınıb. Bildirilir ki, Ukrayna ordusunun formasında olan həmin diversantların bir qrupu artıq məhv edilib.

Ukraynanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Rusiyanın diversiya-kəşfiyyat qrupları artıq Kiyevin Oboloni rayonuna soxulublar. Nazirlik şəhər sakinlərinə müraciət edərək yandırıcı kokteyllər hazırlamağa, düşmən diversantları ilə qarşılaşdıqları halda onları məhv etməyə çağırıb.

“Oboloni rayonunda düşmənin diversiya-kəşfiyyat qrupları var. Vətəndaşlardan xahiş edirik texnikanın şübhəli hərəkəti barədə dərhal məlumat versinlər. “Molotov” kokteyli hazırlayın ki, işğalçını zərərsizləşdirəsiniz! Dinc sakinlər, ehtiyatlı olun! Evlərinizi tərk etməyin!”, - müraciətdə bildirilir.

Az əvvəl Kiyev vilayətinin Hostomel şəhərindən paytaxta doğru Ukrayna ordusunun yük maşınlarında hərəkət edən Rusiya diversantlarının isə artıq məhv edildiyi bildirilir. (virtualaz.org)

 



Xəbər xətti