“Bizim müzakirələrimiz Ukraynada və onun ətrafında vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda, beynəlxalq münasibətlərdə gərginliyin artdığı zamanda keçirilir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında çıxışı zamanı deyibş
Nazir bildirib ki, Azərbaycan xüsusilə mülki əhali arasında ciddi itkilərə səbəb olan bu böhrandan dərin təəssüf hissi keçirir.
“Mülki insanların həyatı, mülki infrastruktur qorunmalı və insan hüquqlarına hər zaman hörmət edilməlidir. Orada yaranmaqda olan humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini azaltmaq üçün məqsədəuyğun tədbirlər tələb edir.
Bu anlayışdan çıxış edərək Azərbaycan artıq ikitərəfli əsasda Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər ilkin ehtiyac olan humanitar yardım göndərib.
Bu kritik zamanda Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təxirə salınmadan dialoqa çağırışını təkrarlayır və tərəflər arasında birbaşa danışıqların aparılmasının zəruriliyini vurğulayır”, - XİN başçısı qeyd edib.