Polşa Ukraynada bərpa və yenidənqurma planı üçün 100 milyard avro ayrılmasını təklif edib

17:00 2 Mart 2022

Polşanın baş naziri Mateuş Moravietski Avropa İttifaqını Ukraynaya 100 milyard avro dəyərində yenidənqurma planı təklif etməyə çağırıb.

SİTAT.İNFO Azərtac-a istinadən xəbər verir ki, baş nazir Ukraynada yenidənqurma planına ehtiyac olduğunu və Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək 100 milyard avro sayəsində gələcək illərdə dağıdılmış infrastruktur, o cümlədən məktəblər, xəstəxanalar və yaşayış massivlərinin bərpasını mümkün hesab edib.

M. Moravetski bildirib ki, o, bu təkliflə Brüsseldə olarkən çıxış edib və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə müzakirə etdiyi mövzulardan biri də məhz bu məsələ olub.

Baş nazirin sözlərinə görə, Aİ üzvlüyünə müraciət etmiş Ukraynanı quruma qəbul etmək, ona namizəd ölkə statusu vermək və rəsmi Kiyevi tez bir zamanda İttifaqa daxil olmaq yoluna qoymaq üçün hazırda Brüsseldə “daha münbit zəmin” var.



Xəbər xətti