Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi İlkin Ağakişiyevin anası Reyhanə Ağakişiyeva ilə görüşüb.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, Qənirə Paşayeva şəhid anasını dinləyib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb: “Əziz şəhid anası, biz sizinlə “8 Mart – Beynəlxalq Qadınlar Günü” ərəfəsində görüşürük. Bayramları ən çox haqq edən sizlərsiz. Sizi və ailənizin xanım üzvlərini 8 Mart, bütün doğmalarınızı isə qarşıdan gələn Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Sizin oğlunuz 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla savaşıb. İlkin oktyabrın 8-də Ağdərə istiqamətindəki döyüşdə şəhid olub.
İlkin Ağakişiyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, habelə 24.06.2021-ci il tarixli Prezident Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidlərimiz hər birimiz üçün müqəddəs and yeridir. Şəhidlərimizin ruhu əziz olduğu kimi, onların anaları-ataları da bizimçün əzizdir. Şəhid ailələri hər zaman böyük ehtirama layiqdir.
Şəhid ailələrimizə ali dövlət rəhbərliyinin göstərdiyi yüksək diqqət-qayğı bizlər üçün örnəkdir.
Bir daha sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirirəm. Lütfən, bizim salam-sayğılarımızı bütün doğmalarınıza yetirin”.
Görüşdə "NƏFƏS" İB sədri Firəngiz Balakişiyeva və "EtikxeberAz" saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İlkin Elxan oğlu Ağakişiyev (17.09.1995, Mingəçevir – 08.10.2020, Ağdərə) – 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. Subay idi. Vətən Müharibəsi şəhid olduqdan sonra bir müddət nəşi tapılmayıb. Nəhayət nəşi tapıldıqdan sonra, 27.11.2020-ci ildə doğma Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub.
Ruhu şad olsun!