"Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Belarusda keçirilən danışıqlarda bəzi müsbət irəliləyişlər qeydə alınıb".
Report UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlər var. Atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib", - Podolyak qeyd edib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.
Danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.
Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edib.