Qadın qətlləri artır: Niyə öldürülənə qədər tədbir görə bilmirik?

17:46 16 Oktyabr 2024

Son vaxtlar həm qardaş Türkiyədə, həm də öz ölkəmizdə qadın qətllərinin sayı hədsiz artıb. Həyatı təhlükədə olan qadınların mühafizə altına alınması mexanizmi  zəif olduğundan, zorakılığa məruz qalan qadınlar belə taleyin ümidinə buraxılır və nəticədə qətillər yaşanır. Qadın qətllərinin qarşısının alınması üçün hansı addımlar atılmalıdır? 

Bu mövzu ilə bağlı Sitat.info-ya danışan "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova qeyd etdi ki, Türkiyədə həm də din amili güclüdür və bəzi hallarda  qanunlarla zidiyyət təşkil edir: ”Daha çox dini təsirlər, öz qaydalarına, ənənələrinə uyğunluq  tələb edirlər və bu da konflikti artırır, təhlükəni çoxaldır”. 

Ekspert vurğuladı ki, qurumlararası fəaliyyət çevik olmalıdır: "Bu zaman qurban özünü təhlükəsiz hiss edir. O artıq hansı addımlar atacağı barədə düşünür. Qanun isə deyir ki, ağır xəsarət almayana qədər mən sənə heç bir kömək edə bilmərəm. Çünki bu ancaq cərimə ilə yekunlaşır”.

M. Zeynalova hesab edir ki, təhlükənin qarşısını  tam almaq da mümkün deyil: ”Yəni, ciddi təhlükə olduqda qurbanlar reabilitasiya keçir, sonra ad, soyadın dəyişməsi və bunun kimi digər proqramlar var. Və ya şahidlik edən şəxslər üçün də ayrıca proqram var. Bizdə ölkə o qədər də böyük deyil. Məsələn Amerikanı götürsək,  qurbanı bir ştatdan başqa ştata keçirirlər”.

Ekspert bildirir ki, zorakılığa məruz qalan şəxslərin əksəriyyətində təhsil problemi var: ”Məişət zorakılığı qurbanlarının kateqoriyasına nəzər salsaq, onlarda təhsil, peşə problemi olur, ya da  hüquqlarını yaxşı bilmirlər, cürətli olmurlar. Məsələn, 3 ay ərzində onlara reabilitasiya proqramı, psixoloji dəstək verilə bilər, ya da 5-6 ay. Bu təhlükənin dərəcəsinə bağlıdır. Amma sözlə edilən təhdidlərə çox vaxt qanunla cəza tətbiq edilmir, yalnız sübutlar olarsa bu mümkündür. Əvvəl sözlə təhdid çox da ciddiyə alınmırdı. Çünki şəxsin həqiqətən də nəsə edib, etməyəcəyindən əmin deyildilər. Ancaq indi prokurorluq buna diqqət ayırmağa başlayıb. Sübutlar da olduqda bununla bağlı ciddi addımlar atılır”.

M. Zeynalovaya görə, əksər vaxt qadınlar qarşı tərəfin həqiqətən də həyati təhlükə yarada biləcəyini sübut edə bilmədikdə, hər hansı proqramlar işə düşə bilmir: "Yüngül xəsarət alanda belə, polis də bu məsələni tam həll edə bilmir. Çünki qanun deyir ki, ağır xəsarət yoxdur və biz onu həbs edə bilmərik. Həbsdən sonra belə şəxsdən təhdidlər gəlirsə, bu durumda şahidlərin məişət zorakılığı ilə bağlı müdafiə proqramı olmalıdır”.

Aytac Baxış,

Sitat.info



Xəbər xətti