"Sən Putinin şəxsi keşişi deyilsən axı..." - Roma Papası

10:33 4 May 2022

"Silahlardan istifadəyə və müharibəyə son qoymaq üçün din xadimləri dinc həll yolları aramalıdırlar. Kiyevə yollamaq fikrində deyiləm. Bunu dəfələrlə demişəm. Hiss edirəm ki, belə səfərə ehtiyac yoxdur. Əvvəlcə Moskvaya getməli, Putinlə görüşməliyəm".

Dünya katoliklərinin lideri, Roma Papası Fransisk Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillə Zoom videoformatında görüşü ilə bağlı belə deyib.

Milli.Az bildirir ki, İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibəsində Roma Papasının dediyinə görə, rus pravoslav kilsəsinin rəhbəri videogörüş əsnasında tam 20 dəqiqə əlində xəritə tutaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinə haqq qazandırmağa çalışıb.

"Tam 20 dəqiqə əlində xəritə tutaraq müharibəyə haqq qazandırmaqla məşğul oldu, əlindəki kağızdan oxuyaraq məni inandırmağa çalışdı. Dinlədim və dedim: qardaşım, heç nə anlamıram, dövlət məmuru deyilik. Siyasətin yox, İsa Məsihin dilindən istifadə etməliyik. Patriarx prezident Putinin keşişinə çevrilə bilməz. Sən Putinin şəxsi keşişi deyilsən axı..." - Papa Fransisk deyib.

Roma Papasının sözlərinə görə, Ukraynadakı müharibə ilə bağlı bədbin əhval-ruhiyyədə olmaqla bahəm, Vladimir Putinin indi müharibəni dayandıracağına inanmır.

O, müharibənin dayandırılması üçün Patriarx Kirilin də Rusiya prezidenti Vladimir Putinə təsir edə biləcəyinə əsla inanmır.

Roma Papası daha sonra bildirir ki, Macarıstan prezidenti, Avropada Putinə ən yaxın dövlət və hökumət başçısı sayılan Viktor Orban ona Rusiyanın Ukraynada hərbi əməliyyatları mayın 9-da bitirmək niyyətində olduğunu deyib. "Bu proqnozun Almaniya üzərində qələbənin ildönümünün simvolik əzəmiyyətindən savayı nəyə əsaslandığını bilmirəm. Bədbinəm. Lakin müharibəni dayandırmaq üçün hər şeyi etməliyik", Papa deyib.

Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirill indiyədək açıq-aşkar şəkildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməsə də, bütün son bəyanatlarında və açıqlamalarında Rusiya hakimiyyətinin siyasəti imlə həmrəy olduğunu bildirib.

Məsələn, o, "Donbasda metafizik mübarizə gedir, donbaslılar iyrənclikləri, o cümlədən gey-paradları istəmirlər" demişdi.

Dünən, Moskvadakı liturgiyadan sonra isə Kiril demişdi: "Kimsə ilə savaşmırıq, tarix boyu Rusiya kimsəyə hücum etməyib. Heyrətamizdir - qüdrətli və böyük ölkə heç vaxt kimsəyə hücum etməyib, yalnız sərhədlərini qoruyub".

Rusiyanın "tarix boyu kimsəyə hücum etməməsi" ilə bağlı iddia absurd olduğundan, patriarx Kirilin bu açıqlaması Qərbdə istehza ilə qarşılanmışdı./Milli.az



Xəbər xətti