Ukraynalı jurnalist və bloger atışma zamanı həlak oldu

12:25 10 May 2022

Ukraynalı jurnalist və bloger Oksana Qaydar Kiyev vilayətində atışma zamanı həlak olub.

Ukrayna Jurnalistlər Milli Birliyinin rəhbəri Sergey Tomilenkonun sözlərinə görə, Qaydar martın 11-dən 12-dək Brovarski rayonunun Şevçenkovo ​​kəndinin Rusiya artilleriyasından atəşə tutulması zamanı həlak olub, lakin onun ölümü yalnız indi məlum olub.

Qeyd olunur ki, jurnalist anası Lidiya ilə birlikdə dünyasını dəyişib.

Qaydar tarixi nəşrləri və sosial şəbəkələrdə Ruda Pani təxəllüsü ilə yazıları ilə tanınırdı, burada o, Rusiya hökumətinin imperiya ambisiyalarını və nəyin bahasına olursa-olsun Ukrayna üzərində nəzarəti bərqərar etmək istəyini kəskin şəkildə pisləyirdi.

Tomilenko əlavə edib ki, Qaydar öz esselərini və şərhlərini əri və oğlu ilə birlikdə yaşadığı Moskvadan yazıb, lakin anasına yaxın olmaq üçün Rusiyanın geniş miqyaslı hücumunun başlaması ilə Ukraynaya qayıdıb.

“O, təcavüzkarın yuvasında vicdanlı və cəsarətli ukraynalı qadın idi. Oksananın mənə dediyi kimi, o və əri təzyiqlərə məruz qalırdı, onları qorxudurdular… Mən ona sonuncu dəfə martın 7-də yazdım. Mesajı oxunmadı, indi başa düşürəm ki, niyə oxumadı. Kəndi zəbt etmişdilər”, – deyə mərhumu 40 ilə yaxındır tanıyan və onunla əlaqə saxlamağa çalışan ukraynalı jurnalist Alla Lazareva bildirib.

Qaydarın sonuncu tviti martın 11-i olub və o bildirib ki, kənddə işıq yoxdur və demək olar ki, internet yoxdur.

“Ruslar heç kimi buraxmır – maşınları, hətta velosipedləri belə güllələyir. Ancaq sakitcə evdə oturmaq olar. Humanitar fəlakət maksimum bir ayın işidir. Twitter-i silirəm, ümid edirəm ki, yenidən görüşəcəyəm. Hər yer Ukrayna olacaq”, – o yazıb.

Qaydar Kiyevdə, jurnalist ailəsində anadan olub: atası Yuri Qaydar “İdman qəzeti”nin redredaktor müavini işləyib. Oksana Kiyev Milli Şevçenko Universitetinin jurnalistika fakültəsini bitirib.

/Milli.az



Xəbər xətti