BMT Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynadakı taxıl ixracına yaratdığı əngəlləri aradan qaldıracağı təqdirdə ona qarşı sanksiyaları yumşaltmağı təklif edib.
Sitat.info xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” diplomatlara istinadən məlumat yayıb.
Məlumata görə, hazırda Quterreş Ukrayna ərzaq ixracatını dünya bazarlarına açmaq və qlobal ərzaq qıtlığının qarşısını almaq üçün Rusiya, Türkiyə və digər ölkələrlə danışıqlar aparır:
“Taxılın blokadadan çıxarılması müqabilində Quterreş Rusiya və Belarusa qarşı sanksiyaları yumşaltmağı təklif edir. Lakin hələlik BMT Təhlükəsizlik Şurası Rusiyanı Ukrayna dəniz limanlarını açmağa məcbur edəcək qətnamə qəbul edə bilməz, çünki Rusiyanın nümayəndələri, çox güman ki, bu qətnaməyə veto qoyacaqlar. Ona görə də Ukrayna taxılından asılı olan ölkələr Moskvaya təzyiq edəcək ki, beynəlxalq təşkilatların və ya Rusiyaya neytral və ya dost olan ölkənin bayraqları altında gəmilərin müşayiəti ilə məhsulların ən azı məhdud şəkildə çatdırılmasına icazə versin. Ukrayna hesab edir ki, Rusiyanın genişmiqyaslı işğalından sonra ən azı 400 min ton taxıl oğurlanıb və məhv edilib”.
Qeyd edək ki, bununla bağlı Rusiya və Ukraynanın BMT-dəki nümayəndələri şərh verməkdən imtina ediblər.
/Axar.az