Ukrayna prezidenti Volodimir Zelenski Nazirlər Kabinetinə Ukraynaya dəstəkləmək istəyən tərəflərdən ianə toplamaq üçün "UNITED 24" platforması yaratmağı tapşırıb.
SİTAT.İNFO Ukrayna mediasına istinaadən xəbər verir ki, bu barədə mayın 17-də imzalanan “Ukraynaya dəstək üçün səylərin birləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında” 344 nömrəli qərarda deyilir.
Fərmanla Zelenski Ukraynanın müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında, eləcə də müharibədən sonrakı bərpa işlərində beynəlxalq tərəfdaşların, donorların, xeyriyyəçilərin səylərini birləşdirmək məqsədilə “UNITED 24” milli brendinin yaradılması təşəbbüsünü irəli sürüb.
Nazirlər Kabinetinə tapşırılıb ki, "UNITED 24" milli platforması çərçivəsində Ukraynaya, xüsusən də Silahlı Qüvvələr yardım kimi sahələrdə dəstək məqsədilə xeyriyyə təşkilatları, beynəlxalq tərəfdaşlar və vətəndaşların ianələri üçün "vahid pəncərə"nin tətbiqi hazırlansın. Yardımlar bir neçə istiqamətdə ola bilər: Ukrayna Silahlı Qüvvələrinə yardım, humanitar, tibbi yardım, uşaqlara yardım, infrastrukturun bərpası, silahlı təcavüzə qarşı rəqəmsal və informasiya ilə mübarizə və sair.
"UNITED 24" rəqəmsal platforması Ukraynadakı vəziyyət və hadisələrin real durumu barədə beynəlxalq ictimaiyyətin gündəlik məlumatlandırılmasını da təmin edəcək və eləcə də rus təbliğatına qarşı mübarizə aparacaq.
Zelenski həmçinin Nazirlər Kabinetinə, Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynaya dəymiş itkilərin hesablanması üçün dərhal komissiya yaratmağı da tapşırıb.
Lamiyə,
SİTAT.İNFO