Ermənistanın paytaxtı İrəvanda bu gün səhər saatlarında başlayan etiraz aksiyaları zamanı saxlanılanların sayı 352-yə çatıb.
Sitat.info-nun xəbərinə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın müxtəlif küçələrində avtomobillərin hərəkətini bloklamağa çalışan etirazçılar polisin qanuni tələbinə məhəl qoymamaq ittihamı ilə saxlanılıblar.
Qeyd edək ki, mayın 2-dən etibarən davam edən vətəndaş itaətsizliyi aksiyalarının tələbi Baş nazir Nikol Paşinyanın hökumətinin istefasıdır.
***
11:33
Ermənistanda etiraz aksiyasında saxlanılanların sayı 277-yə çatıb.
Sitat.info xəbər verir ki, Ermənistan Polisi indiyədək 277 nəfərin saxlanılaraq polis bölmələrinə aparıldığını açıqlayıb.
Müxalifət polisin zorakılığa yol verdiyi barədə məlumatlar yayır.
***
10:19
Polis Ermənistan müxalifətinin İrəvan küçələrində keçirdiyi aksiyalar zamanı 73 nəfəri saxlayıb.
Sitat.info xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər də müxalifət üzvləri Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək paytaxtın küçə və prospektini bağlamağa cəhd göstərir.
Aksiyanın təşkilatçısı olan “Müqavimət” hərəkatının liderlərindən olan İşxan Saqatelyan polisin deputatlara da güc tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, “Hayastan” fraksiyasının deputatları Artsvik Minasyan və Vahe Akopyan polisin təzyiqinə məruz qalıb.
Polisin Ermənistan parlamenti sədrinin keçmiş müavini Eduard Şarmazanovu saxladığı da bildirilir. E. Şarmazanov və digər saxlanılanlar polis bölmələrinə aparılır. İ. Saqatelyan artıq polis bölmələrində yer olmadığını bildirib.
Ermənistan Polisinin rəis müavini Ara Fidanyan isə müxalifətin bəyanatlarına cavab verib. Rəis müavini aksiyalar nəticəsində paytaxt İrəvanda hərəkətin iflic olması barədə açıqlamaları təkzib edib: “Təbii ki, nə İrəvan, nə də hər hansı dövlət strukturu iflic olub. Polis öz funksiyalarını dəqiq yerinə yetirir, polis indiyə qədər ümumilikdə qanun çərçivəsində hərəkət edib”.
O, itaətsizlik aksiyasının 20 gündür davam etdiyini, polisin bu müddətdə heç bir xüsusi vasitədən istifadə etmədiyini söyləyib.
/Apa.az