Rusiya iqtisadi müharibədə qalib gəlir – Qardian

14:04 3 İyun 2022

Sanksiyalar Vladimir Putinə ona görə tətbiq olundu ki, Qərbin Rusiya ilə mübarizə üçün 2 yolu vardı: heç bir şey etməmək, ya da hərbi müdaxilə etmək. Sanksiyalar bu qaranlıq tuneldə yeganə işıq gələn yol idi.

Sitat.info xəbər verir ki, bu fikirlər “Qardian”da yayımlanan analizdə əks olunub.

“Ukraynanın bir neçə gün ərzində təslim olacağı güman edildiyindən, ilk iqtisadi tədbirlər işğalın ilk günlərində tətbiq edildi. Kapitulyasiya baş tutmadığından, sanksiyaların şiddəti tədricən gücləndirildi”, - məqalədə bildirilib.

Müəllif qeyd edib ki, AB bu həftənin əvvəlində Rusiya neftinin ixracına qismən qadağa qoyduğunu elan edər-etməz qlobal bazarlarda xam neftin qiyməti bahalaşmağa başlayıb və bu, Kreml üçün göydəndüşmə fürsət yaradıb:

“Aprel ayında Çinə illik neft və qaz ixracını 50%-dən çox artıran Rusiya öz enerji ehtiyatlarını satmaq üçün alternativ bazarlar tapmaqda çətinlik çəkmir. Bu o demək deyil ki, sanksiyalar Rusiya üçün tamamilə ağrısız keçir. Beynəlxalq Valyuta Fondu bu il Qərbdən idxalın çökməsi ilə əlaqədar Rusiya iqtisadiyyatının 8,5%-ə qədər azalacağını təxmin edir. Təbii ki, ölkənin öz iqtisadiyyatını ayaq üstə saxlamaq üçün vacib olan ehtiyatı var, lakin zaman keçdikcə onlar da tükənəcək.

Keçən həftə dünya iqtisadiyyatının qlobal hərəkətverici qüvvələrinin Davos görüşü zamanı əsas mesaj Rusiyanın təcavüzünün pislənməsi və Ukraynanın arxasında möhkəm dayanmaq idi. Ancaq pərdə arxasında bitmək bilməyən müharibənin iqtisadi xərcləri ilə bağlı narahatlıqlar nəzərə çarpırdı”.

Məqalədə o da vurğulanıb ki, Putin qeyd-şərtsiz təslim olmaq niyyətində deyil və iqtisadi müharibənin ciddi ziyan potensialı göz qabağındadır: “İnkişaf etmiş ölkələrdə (İEÖ) həyat səviyyəsinin aşağı düşməsi; inkişafda olan ölkələrdə (İOO) isə aclıq, ərzaqla bağlı iğtişaşlar və borc böhranı…

Rusiya qoşunlarının törətdiyi vəhşiliklər qarşısında Qərb Kremlə güzəştə getməyi özünə sığışdıra bilmir, lakin iqtisadi reallıq yalnız bir şeyə işarə edir: gec, ya tez sövdələşmə əldə olunacaq”.

 

/Axar.az



Xəbər xətti