Ukrayna Baş Qərargahı: "Rusiya qüvvələrinin Severodonetskdə növbəti hücumu dəf edilib"

09:45 19 İyun 2022

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Donetsk vilayətinin Severodonetsk rayonunda növbəti hücumunu dəf edib və Sumı vilayətinin Krasnopolye rayonunda isə Rusiya qoşunlarına sarsıdıcı zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Belə ki, Krasnopolye yaxınlığında ukraynalı hərbçilər kəşfiyyat fəaliyyəti aparmaq istəyən işğalçı qüvvələrə xeyli itkilər verib.

Slavyansk istiqamətində Rusiya qüvvələri Qruşuvaxa, Dolina, Morosovka, Prişib və Çepil yaşayış məntəqələri ərazilərində minaatanlardan, top artilleriyasından və reaktiv yaylım atəş sistemlərindən istifadə edib. Baş Qərargahın məlumatına görə, qarşı tərəf İzyum - Slavyansk istiqamətində hücum əməliyyatlarının davam etdirilməsi üçün əlverişli şərait yaratmağa çalışır.

“Severodonetsk istiqamətində düşmən Metelkino, Belaya Qora və Ustinovka yaşayış məntəqələri ərazilərində top və reaktiv artilleriyadan atəş açmağa davam edir. O, Severodonetsk şəhəri üzərində tam nəzarəti ələ keçirmək üçün hücum əməliyyatları keçirməyə cəhd etsə də, buna nail ola bilməyib.

Atəş və hücumlar nəticəsində düşmən Metelkino kəndində qismən uğur qazanıb, orada möhkəmlənməyə çalışır. Sirotino istiqamətində edilən hücum isə Ukrayna hərbçiləri tərəfindən dəf edilib.

Slobojansk istiqamətində düşmən əvvəllər işğal olunmuş hüdudların müdafiəsini saxlayır, mövcud atəş vasitələrindən edir və Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin ölkənin dövlət sərhədi istiqamətində irəliləməsinin qarşısını almağa çalışır.

Xarkov istiqamətində qarşı tərəf Dementyevka, Peçeneqi, Koroboçkino, Bayrak, Yuxarı Saltov, Xarkov, Kapitolovka və Tsirkuni yaşayış məntəqələri ərazilərində artilleriya atəşi həyata keçirib”, - Baş Qərargah açıqlayıb.

 

/Report

 



Xəbər xətti