Bakı-Daşkənd əməkdaşlığında müdafiə xətti - Türk dünyasının təhlükəsizlik xəritəsini dəyişir

16:30 24 Avqust 2026

"Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ artıq dostluq və tərəfdaşlıqdan daha çox strateji məsələlərə söykənəcək. Çünki təhlükəsizlik və müdafiə əməkdaşlığının institusionallaşdırılması mərhələsi qarşıdadır. Azərbaycanın Cənubi Qafqazdakı hərbi təcrübəsi ilə Özbəkistanın Mərkəzi Asiyadakı geosiyasi çəkisini birləşdirməyin vaxtı çoxdan çatıb. Bu, Türk dünyasının təhlükəsizlik arxitekturasında  yeni bir mərhələ ola bilər və yeni bir məzmun verə bilər.
Ən vacibi odur ki, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib, bir hərbi blok deyil. Milli suverenliyin, ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin və regional sabitliyin qorunması mexanizmi kimi təqdim edilir. Bu yanaşma həm Bakı, həm də Daşkənd üçün çox böyük diplomatik manevr imkanları yaradır".

Bu sözləri  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev Sitat.info-ya açıqlamasında Prezidentin Özbəkistan səfərini və iki ölkə arasında əbədi dostluq müqaviləsinin imzalanmasını şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq sadəcə strateji tərəfdaşlıq xarakteri daşımır: "Məlum məsələdir ki, 2024-cü və 2025-ci illərdə həm siyasi-iqtisadi, həm də təhlükəsizlik əməkdaşlığının genişlənməsi davam edib, müqavilələr imzalanıb. Azərbaycan-Özbəkistan təhlükəsizlik əməkdaşlığının perspektivinə gəldikdə isə, hər iki dövlət öz ətrafında dəyişən geosiyasi məsələlərdən və təhlükəsizlik mühitindən istifadə edərək müstəqil qərar vermə imkanlarına malikdir. Bu, milli müdafiə qabiliyyətlərini artırmaq üçündür. Bu baxımdan, Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geosiyasi, tərəfdaşlıq imkanına malikdir.
"Özbəkistan Mərkəzi Asiyanın Türkiyəsidir" ifadəsi düşünürəm ki, tam mənada düzgün olmazdı. Bu, müəyyən mənada Özbəkistanın regionundakı artan siyasi, iqtisadi və demoqrafik çəkisini ifadə edir. Çünki Türkiyə NATO-nun üzvüdür və döyüşkən orduya malik olan bir dövlətdir. Özbəkistan bu addımı yeni-yeni atır. Ona görə ki, Azərbaycanla Özbəkistanı Türkiyə-Azərbaycan modeli ilə tam eyniləşdirmək düzgün olmaz. Daha doğru yanaşma budur ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər Türk dünyasında yeni bir strateji təhlükəsizlik oxunun formalaşmasına zəmin yarada bilər".


Deputat hesab edir ki, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq proqramı ola bilər: "Burada təcrübə mübadiləsi, ordunun qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması nəzərdə tutula bilər. Hərbi kəşfiyyat və təhlükəsizlik məlumatlarının mübadiləsi, koordinasiyalı şəkildə müəyyən addımlar — kiber təhdidlərə qarşı, narkotiklərin qanunsuz dövriyyəsi və sərhəd təhlükəsizliyi istiqamətində addımlar atıla bilər.
Təbii ki, birgə hərbi təlimlərin genişləndirilməsi haqqında protokol məlumdur. 2024-cü ildə "Məharət" təlimində Azərbaycan və Özbəkistan hərbçiləri iştirak edib. 2025-ci ildə Azərbaycan Müdafiə Nazirliyi Özbəkistanda keçirilən "Birlik-2025" təliminin iştirakçısı olub. Yəni bu istiqamətdə də ciddi addımlar atılır və bu genişlənəcək.
Eyni zamanda hərbi təhsil və kadr hazırlığı məsələsi gündəmdə ola bilər: akademiyalararası mübadilə, müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanması və sair. Hərbi texnika və pilotsuz sistemlər istiqamətində Azərbaycan çox ciddi nəticələr əldə edib. Müdafiə məhsullarının birgə istehsalı, üçüncü ölkələrin bazarlarına çıxmaq məsələləri də mümkündür".

A.Nağıyev əlavə edib ki, bu gün üçün ən mühüm məsələ  kiber təhlükəsizlik və informasiya təhlükəsizliyi haqqında ayrıca sənəddir: "Müasir müharibələr tək səngərdə getmir, klassik silahlarla aparılmır. Məlumdur ki, kiber təhlükəsizlik də Özbəkistanla əməkdaşlığın yeni istiqamətlərindən biridir. 
Maraqlı perspektiv üçtərəfli formatdır. Əgər Türkiyədən söhbət gedirsə, Azərbaycan-Türkiyə-Özbəkistan formatının xüsusi əhəmiyyəti var. 2025-ci ildə bu formatda artıq xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli mexanizmi fəaliyyət göstərir və görüşlər keçirilib. Gələcəkdə bu mexanizmə təhlükəsizlik və müdafiə komponentləri də əlavə edilə bilər. Burada kiber təhlükəsizlik, hərbi loqistika, hərbi tibb istiqamətində müdafiə sənayesi layihələri, müdafiə nazirlərinin üçtərəfli görüşləri də mümkündür. Bu, NATO tipli hərbi blok yaratmaq deyil. Əksinə, daha real, çevik, praktiki və konkret təhlükəsizlik əməkdaşlığı platformasıdır. Çünki unutmaq lazım deyil ki, MDB məkanı var, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) var. Belə məsələlərə görə mütləq şəkildə konkret təhlükəsizlik əməkdaşlığı platforması yaradılmalıdır.
Daha geniş perspektiv kimi Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və digər Türk dövlətləri arasında qarşılıqlı təhlükəsizlik imkanlarının əlaqələndirilməsi ola bilər. Şuşada 2024-cü ildə qəbul edilmiş Qarabağ Bəyannaməsində də Türk dövlətləri arasında sülh və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi məsələsi ön plana çəkilib. Burada da heç bir dövlətin ne ərazi bütövlüyünə, ne suverenliyinə hər hansı təhdiddən söhbət getmir. Hazırda Türk Dövlətləri Təşkilatını NATO analoquna çevirmək real və yaxın perspektiv kimi görünmür. Lakin bu istiqamətdə ciddi addımlar atılır və atıla bilər.
Bir sözlə, daha real istiqamət ortak təlimlər, informasiya mübadiləsi, müdafiə sənayesi,  hərbi təhsil, fövqəladə hallara hazırlıq modeli, kiber təhlükəsizlik sahələridir. 2026-cı ildəki analitik qiymətləndirmədə də təhlükəsizlik və kiber sahədə əməkdaşlığın inkişaf etdiyi, tamhüquqlu kollektiv müdafiə ittifaqının yaranmasına müəyyən zəmin olduğu vurğulanır.
Qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin məhz Özbəkistana bu səfərində iqtisadi, siyasi, mədəni və hərbi istiqamətlərdə bu addımlar atılır, eyni zamanda təhsil sahəsində ciddi məsələlər var. Lakin təbii ki, daima Azərbaycanın apardığı siyasət ölkəmizin suverenliyi, ərazi bütövlüyünün qorunması və hər bir Azərbaycan vətəndaşının rifahıdır".

Aytac,

Sitat.info




Xəbər xətti