Tehran ABŞ-ın İrana qarşı genişmiqyaslı hücumları bərpa edəcəyi təqdirdə Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir. Həmçinin Hörmüz boğazı ərazisində sualtı fiber-optik kabellərin hədəfə alına biləcəyi bildirilir.
Sitat.info xəbər verir ki, bu barədə Financial Times İran hakimiyyətinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İran hərbçiləri Cənubi və Cənub-Şərqi Avropadakı ABŞ obyektlərinə mümkün hücumları qiymətləndiriblər. Potensial hədəflər arasında Bolqarıstan da göstərilir. Ölkə yaxın zamanda Bezmer aviabazasından Amerika təyyarələrinin yanacaq doldurması üçün istifadəyə icazə verib.
Kipr də mümkün hədəflər sırasında nəzərdən keçirilib. Adada Britaniyanın Akrotiri aviabazası yerləşir. Bu baza mart ayında pilotsuz uçuş aparatı ilə hücuma məruz qalmışdı.
İran müharibəni genişləndirməklə hədələyir
Mənbələrin bildirdiyinə görə, yeni genişmiqyaslı münaqişə baş verərsə, İran əvvəlki strategiyasından uzaqlaşa bilər. Tehran daha əvvəl əsasən Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini və infrastrukturunu hədəfə alırdı.
Mənbələrdən biri bildirib ki, ABŞ İrana zərbə endirərsə, Tehran cavab üçün coğrafi məhdudiyyət qoymayacaq:
“ABŞ həddini aşarsa, İran istənilən yolla özünü müdafiə edəcək, regiondan kənara çıxacaq və Avropaya da zərbə endirəcək”.
İyul ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ hərbçilərinin Britaniya bazalarından istifadəsinə görə Böyük Britaniyanı da hədələmişdi. Tehran bildirmişdi ki, İrana qarşı hücumlarda istifadə olunan istənilən baza qanuni hədəfə çevrilə bilər.
İran, həmçinin Hörmüz boğazındakı sualtı fiber-optik kabellərə hücum imkanını nəzərdən keçirir. Belə bir addım qlobal rabitə və infrastruktur üçün əlavə problemlər yarada bilər.
İran Avropaya zərbə endirə bilərmi?
Ekspertlər hesab edirlər ki, İranın Avropadakı hədəflərə zərbə endirmək təhlükəsi realdır, lakin bunun miqyası məhdud ola bilər.
Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutundan Sidhart Kauşalın fikrincə, İran Cənubi və Cənub-Şərqi Avropadakı ABŞ obyektlərinə orta mənzilli ballistik raketlərlə zərbə endirə bilər.
Lakin məsafə artdıqca raketlərin dəqiqliyi və effektivliyi azalır. Ekspert qeyd edib ki, daha ağır raketlər yalnız döyüş başlığının yükü azaldıldığı halda böyük məsafələri qət edə bilər.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Duqlas Barri isə İranın Hind okeanında yerləşən ABŞ-Britaniya bazası Diego Qarsiyaya hücum cəhdlərinə diqqət çəkib. Onun sözlərinə görə, bu raket buraxılışları İranın 2 min kilometrdən artıq mənzilli raketlərə malik olduğunu göstərir.
Bununla belə, Tehranın belə raketlərdən nə qədərinin olduğu və onları nümayiş xarakterli hücumlarda istifadə edib-etməyəcəyi məlum deyil.
İran daha uzaq məsafələrdə də imkanlarını nümayiş etdirib
İran daha əvvəl uzaqda yerləşən ABŞ obyektlərini hədəfə almağa cəhd edib. ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından sonra Vaşinqton İranın təxminən 4 min kilometr məsafədə yerləşən Diego Qarsiya istiqamətində bir neçə raket buraxdığını açıqlamışdı. ABŞ-ın məlumatına görə, raketlərin heç biri hədəfə çatmayıb.
Mart ayında Türkiyə NATO hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılan bir neçə ballistik raketi ələ keçirdiyini bildirmişdi.
Həmin ay Kiprdəki Akrotiri Britaniya aviabazasına da pilotsuz uçuş aparatı ilə hücum edilmişdi. Qərb rəsmiləri hücumun arxasında İranın regiondakı müttəfiqlərinin dayana biləcəyini ehtimal edirdilər.
Financial Times mənbələri isə ötən ay İordaniyadakı ABŞ bazasına endirilən və üç amerikalı hərbçinin ölümü ilə nəticələnən zərbəni Tehranın ən dəqiq uzaqmənzilli hücumlarından biri kimi qiymətləndiriblər.
Tehranda sərt xətt tərəfdarlarının mövqeyi güclənir
İranın təhdidləri diplomatik səylərin nəticəsiz qalması fonunda artır. Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar dalana dirənib. ABŞ prezidenti Donald Tramp isə hazırda Vaşinqtonun Tehranla danışıqlar aparmadığını və danışıqlar planlaşdırmadığını bildirib.
Bu arada İranın ali dini lideri Ayətullah Müctəba Xamenei təhlükəsizlik və müdafiə sahəsində əsas vəzifələrə sərt mövqeyi ilə tanınan şəxsləri təyin edib.
Onların arasında İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzai də var. O, milli təhlükəsizlik sahəsində mühüm vəzifəyə gətirilib.
Mənbələrin sözlərinə görə, bu kadr dəyişiklikləri İranın ABŞ-la uzunmüddətli qarşıdurmaya hazırlaşdığını göstərə bilər.
Ekspertlər isə hesab edirlər ki, Tehran üçün regiondakı müttəfiq qruplaşmalar vasitəsilə fəaliyyət göstərmək daha sərfəlidir. Buraya İraqdakı şiə silahlı qruplaşmaları, Livandakı “Hizbullah” və Yəməndəki husilər daxildir.
Aytac,
Sitat.info