“Nyu-York Tayms”: Rusiyada həbslərin dairəsi genişlənir, sürəti artır

13:23 12 İyul 2022

ABŞ-ın “Nyu-York Tayms” qəzetində Rusiyada həyata keçirilən yeni repressiyalar haqda məqalə dərc olunub. “Putin Rusiyasında həbslərin dairəsi genişlənir, sürəti artır” başlıqlı məqalənin müəllifi qəzetin Moskva bürosunun rəhbəri Anton Troyanovskidir.

Sitat.info-nun məlumatına görə, məqalədə qeyd olunur ki, son dövrlər Rusiyada baş verən səs-küylü həbslər prezident Vladimir Putinin cəmiyyəti günü-gündən necə daha çox buxovladığını göstərir. Belə ki, Rusiya prezidenti “Qərbyönlü əclafların və satqınların” kökünü kəsəcəyini açıq bəyan edib.

Anton Troyanovski yazır ki, əslində son repressiyaların qurbanı olanlar, son vaxtlar həbs edilənlər heç də Kremli açıq şəkildə tənqid edən insanlar deyil: “Putinin ən güclü rəqibləri artıq həbsdədir. İndi hədəfə alınanlar isə eləcə açıq fikirli insanlardır, Putin belə insanların hamısını özünə təhlükə kimi görür.

Xərçəng xəstəliyinin son mərhələsində olan məşhur fizik Dmitri Kolker bugünlərdə Novosibirskdə xəstəxanaya yerləşdirilib. Ertəsi gün Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları xəstəxanaya gələrək fiziki dövlətə xəyanətdə ittiham ediblər. Dmitri Kolker xəstəxanadan Moskva həbsxanasına gətirilib və orada keçinib”.

Dmitri Kolkerin 21 yaşlı oğlu Maksim sosial şəbəkədə ölüm xəbəri ilə bağlı ailəsinə göndərilən üç sətirlik teleqramın surətini yerləşdirib və “FTX atamı öldürdü” yazıb: “Onlar ailəmizə hətta atamla vidalaşmağa da imkan vermədilər”.

Məqalədə vurğulanır ki, Rusiyanın rəsmi mediası Dmitri Kolkerin dövlət sirrini xaricə ötürməkdə şübhəli bilinərək həbs edildiyini xəbər verib. Tənqidçilər isə hesab edirlər ki, fizikin həbsi akademik dairədə fikir azadlığına qarşı basqıların bir hissəsidir.

Məqalə müəllifi daha sonra yazır: “Bu il Pekində keçirilən Qış Olimpiya Oyunlarında Rusiya xokkey komandasının qapıçısı olmuş İvan Fedotov iyul ayında ABŞ-a getməyi planlaşdırırdı. O, ABŞ-ın “Filadelfiya Flayerz” (“Philadelphia Flyers”) xokkey komandasında oynamaq üçün müqavilə imzalamışdı. İyulun 1-də İvan Fedotovu Sankt-Peterburq şəhərində məşqdən çıxarkən bir qrup maskalı şəxs saxlayıb. Fedotovun saxlandığını görən və bu haqda reportaj hazırlayan telejurnalist idmançının mikroavtobusa mindirilərək aparıldığını xəbər verib.

Rusiyanın informasiya agentliklərinin məlumatına görə, Fedotova hərbi xidmətdən yayınma ittihamı irəli sürülüb və o, Rusiya Hərbi Dəniz Qüvvələrinin adı açıqlanmayan təlim bazasına aparılıb.

Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının rektoru Vladimir Mau qətiyyən Kremlin tənqidçisi olmayıb. O, sadəcə çalışıb ki, akademiya rəhbərliyi mümkün qədər Qərbyönlü mövqe tutsun. İndi rektor dələduzluqda ittiham edilir.

Eyni ittihamla bir neçə ay qabaq digər nüfuzlu ali təhsil ocağının rəhbəri – Moskva Ali Sosial və İqtisad Elmləri Məktəbinin rektoru Sergey Zuyev də tora salınıb.

Tənqidçilərin sözlərinə görə, belə ittihamlar Rusiyanın elm-təhsil ocaqlarında olan-qalan müstəqil düşüncəni də boğmağa yönəlib”.

/Novator.az



Xəbər xətti