Baydenin xanımı bu çıxışına görə üzr istəməli oldu

18:20 13 İyul 2022

ABŞ Prezidenti Co Bayden nitqində yol verdiyi xətalara görə tez-tez gündəmə gəlir. Bu dəfə isə ABŞ liderinin həyat yoldaşı Cill Bayden Texasda qatıldığı bir tədbirdə söylədiklərinə görə qalmaqala səbəb olub.

“Sitat.info” xarici mediaya istinadən xəbər verir ki, Cill Bayden çıxışı zamanı Latın amerikalılarını Meksika mətbəxinin məşhur yeməyi “tako” ilə müqayisə edib.

Belə ki, ABŞ-ın birinci xanımı nitqində Latın amerikalılarını həmin yemək kimi unikal adlandırıb: “Burada San-Antoniodakı səhər yeməyi üçün nəzərdə tutulan takolar qədər bənzərsizsiniz”.

Bu sözlərindən sonra birinci xanım kəskin tənqidlərlə üzləşib. Latın amerikalı jurnalistlərin Milli Assosiasiyası “Biz tako deyilik” deyə Cill Baydenə cavab verib.

Bunun ardınca, C.Bayden Latın amerikalılardan üzr istəməli olub.

/Qafqazinfo



Xəbər xətti