Kiyev və Moskva hər məsələdə Ankaraya güvənir - Başbuğ

14:45 22 Sentyabr 2022

Türkiyənin koordinasiyası və liderliyi ilə tərəflər arasında əsirlərin dəyişdirilməsi çox önəmli mərhələdir. Türkiyə hər iki ölkənin bütün məsələlərdə güvəndiyi, etibar etdiyi və vasitəçiliyinə razı olduğu yeganə dövlətdir.

Bu sözləri Axar.az-a Rusiya və Ukrayna arasında əsirlərin dəyişdirilməsi məsələsini şərh edən Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

“Ölkəmizin sözügedən məsələdə vasitəçilik etməsi çox təbiidir. Lakin bu, hər şeyin bitməsi, sülh danışıqlarının başlaması demək deyil. Əsirlərin dəyişdirilməsi müharibələrdə çox yaşanan hadisələrdir. Doğrudur, bəşəriyyət hər dəfə belə müsbət addımlar atılanda yenidən ümidlənir və qlobal mənada böyük faciə ilə nəticələnə biləcək müharibənin nə vaxt bitəcəyini gözləyir. Bundan öncə də əsirlərin qarşılıqlı razılıq əsasında dəyişdirilməsi oldu, lakin müharibə dayanmadı. Çünki Ukrayna və Rusiya müharibəsinin miqyası iki ölkənin sərhədlərini aşaraq Avropa və Rusiya, ABŞ və Rusiya arasında beynəlxalq səviyyəli bir çəkişməyə çevrilib. Bunu verilən açıqlamalarda da biz açıq şəkildə görürük. Ümumiyyətlə, sonuncu məsələ Türkiyənin vasitəçiliyi ilə irəliyə atılan mühüm addımdır. Qarşıdakı zamanda da biz yalnız əsir məsələsində yox, bir sıra konkret məsələlərdə də tərəflərin arasında razılıq əldə edildiyini görə bilərik. Lakin buna sonun başlanğıcı demək üçün hələ çox tezdir”, - Başbuğ bildirib.

 



Xəbər xətti