O videonun yayılmasının səbəbləri...

10:24 3 Oktyabr 2022

“Hərbi təbliğat və müharibə dövrünün təbliğatı özünəməxsus xüsusiyyətlərə malikdir. Burada əsas məqsəd düşməni qeyri-humanist göstərmək, yəni təbliğat vasitəsilə onu normal insana xas bütün müsbət keyfiyyətlərdən məhrum etməkdir. Bunun da nəticəsində qarşı tərəf öz qoşunlarının döyüş ruhunun yüksəldilməsinə nail olur. Belə ki, hərbi qulluqçular hərbi əməliyyatlar üçün daha həvəsli olur. Bu, bütün ordularda istifadə olunan ümumi qaydadır. Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin motivasiya ilə bağlı problemi düşmənin əsas problemlərindən biri idi və Ermənistan hazırda da bu problemlə qarşı-qarşıyadır”.

“Qafqazinfo”nun məlumatına görə, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Əsir düşməyə hazır olmaq, öz mövqelərini əmr olmadan və müqavimət göstərmədən tərk etmək, fərarilik Ermənistan Müdafiə Nazirliyinin gündəmindəki ən aktual məsələlərdir. Əminəm ki, bu mövzunun beynəlxalq arenada istifadə olunması cəhdləri ilə yanaşı, sosial şəbəkələrdə tirajlanan görüntülər məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşayan erməni əsgərlərin döyüş bacarığının artırılması məqsədi daşıyır.

Beynəlxalq arenadan söz düşmüşkən, qeyd etmək lazımdır ki, bu videonun ortaya çıxması Avropa İttifaqı ölkələrinə qaz nəqli üçün qaz interkonnektorunun açılışı ilə eyni vaxta təsadüf edib. İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə nail olmaqdır. Pelosinin səfəri, ABŞ Konqresində erməni lobbisinin fəallaşması, Aİ-də təbliğatçı elementlər və s. Kremlin Azərbaycan qazının Avropaya nəqlinə əngəl olmaqla bağlı sifarişinin yerinə yetirilməsidir.

Sözügedən video Aİ-nin enerji təchizatı üzrə alternativ təchizatçılar və nəqliyyat qovşaqları kimi Azərbaycan və Türkiyəyə qarşı kütləvi kampaniyanın həyata keçirilməsi səbəbi kimi yayılıb. Bu səbəbdən də, bu mövzu şərh edilərkən yuxarıda qeyd edilənlərin nəzərə alınmasını xahiş edirəm”, - deyə Zülfüqarov söyləyib.

Xatırladaq ki, bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülər paylaşılıb. Məsələ ilə bağlı Baş Prokurorluğun yaydığı məlumata görə, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.



Xəbər xətti