Rusiyalı müğənni Alla Puqaçova İsrail vətəndaşlığını alıb.
Bu barədə Ukraynanın “Telegraf” nəşri öz mənbələrinə istinadla xəbər verib. Jurnalistlər bunun dəlili kimi sənətçinin pasportunun fotosunu dərc ediblər.
Şəkildən aydın olur ki, sənəd bu ilin may ayında bir illik etibarlılıq müddəti ilə verilib.
Ehtimal edilir ki, müğənni “Darkon” (İsrail xarici pasportu) alıb. Yeni qaydalara əsasən, repatriantlar vətəndaşlıq aldıqdan üç ay sonra və ya sürətləndirilmiş proqram çərçivəsində buna müraciət edə bilərlər. Vətəndaşın ilk sənədi bir il müddətinə etibarlıdır, növbəti sənədin etibarlılığı (İsraildə yaşamaq şərti ilə) beş il olacaq.
Xatırladaq ki, rusiyalı aparıcı Maksim Qalkin sentyabrın 18-də Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin xarici agentləri reyestrinə daxil edildikdən sonra Puqaçova quruma müraciət edərək özünün də əri kimi xarici agent kimi tanınmasını istəyib. Daha sonra artistin Moskva vilayətindəki evini satışa çıxardığı və Rusiyanı tərk etdiyi barədə məlumatlar yayılıb. Puqaçovanın geri dönüş bileti almadan İsrailə yollandığı vurğulanıb.
/Demokrat.az