Fransa İrandakı vətəndaşlarını özbaşına saxlanma və həbs olunma riski səbəbindən mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda ikili vətəndaşlığı olanlar da daxil olmaqla, İrandakı bütün Fransa vətəndaşlarına “əsassız həbs riski” olduğu üçün ölkəni tez bir zamanda tərk etmələri tövsiyə edilib.
Həmçinin qeyd olunub ki, İran ikili vətəndaşlığı tanımır və konsulluq əməkdaşları ikili vətəndaşlığı olan Fransa vətəndaşları ilə məhdud əlaqə saxlayırlar.
Qeyd edək ki, İran mayda casusluq ittihamı ilə həbs edilən iki Fransa vətəndaşının Fransa Xarici Kəşfiyyat Xidmətində işlədiklərini və bu ölkəyə rejim dəyişikliyinə zəmin yaratmaq üçün gəldiklərini bildirən görüntüləri 6 oktyabrda televiziyada yayımlayıb.
Fransa İranda saxlanılan iki vətəndaşının “casus” olduqlarını söyləməyə məcbur edildiyini, etirafların həqiqətə uyğun olmadığını iddia edib və onların dərhal azad edilməsini tələb edib.