Xəbər verdiyimiz kimi, Türkiyə parlamenti dezinformasiya ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Ölkənin hakim Ədalət və İnkişaf partiyasının təşəbbüsü ilə irəli sürülən qanun layihəsi çərçivəsində Türkiyə Cəza Məcəlləsinə edilən dəyişikliyə əsasən, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması cinayət hesab olunacaq. Belə ki, qəsdən yalan məlumat yayan şəxslər 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
“Sitat.info”nun məlumatına görə, sözügedən qanun layihəsi Türkiyə və dünya mediasında müzakirələrə səbəb olub. İndiki mərhələdə qanun imzalanması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərilib.
Qanun layihəsi çərçivəsində qəbul edilən maddələrə gəldikdə isə qeyd etmək lazımdır ki, onlayn xəbər portalları dövri mətbuatın tərkibinə daxil ediləcək. Bununla yanaşı, jurnalist vəsiqələrinin əldə edilməsi ilə bağlı ərizələr Rabitə Nazirliyinə təqdim edilməlidir və şəxsiyyəti təsdiq edən rəsmi sənəd qismində qəbul ediləcək.
Jurnalist vəsiqəsi əldə etmək istəyənlər isə 18 yaşına çatmış şəxslər olmalı, azı litsey və yaxud buna bərabər təhsil müəssisəsini bitirməli, eləcə də dövlət xidmətlərində iştirakla bağlı hər hansı məhdudiyyət və qadağaya sahib olmamalıdır.
Eyni zamanda, rəsmi elanlar onlayn xəbər saytlarında da nəşr olunacaq. Bu prosesin şərtləri isə Mətbuatda reklam işləri ilə bağlı qurumun Baş İdarəsi tərəfindən təyin ediləcək.
Bununla yanaşı, xəbər saytlarının əməkdaşları mətbuat mənsubları hesab olunacaqlar.
Bildirilir ki, yeni qanun layihəsi ilə uşaqların internetdə və ya sosial mediada qeyri-qanuni, etik olmayan və potensial olaraq zərərli məzmunlara məruz qalmasının qarşısını almaq mümkün olacaq.
Həmçinin bütün xəbər saytları dərc etdikləri məzmunu saxlamalı olacaqlar. Belə ki, qanun qeyri-qanuni məzmunun özbaşına olaraq silinməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan sonra, hər hansı məzmunla bağlı silinmə qərarı verilərsə, bu, bütün saytları və platformaları əhatə edəcək. Belə ki, hər sayt üçün ayrıca qərar verməyə ehtiyac olmayacaq.
Qeyd olunur ki, qəzetə aid olan qaydalar xəbər saytlarına da şamil ediləcək.
Bununla belə, sosial şəbəkələrdən Türkiyə ofisinin açılması və orada türk nümayəndəsinin olması tələb olunacaq. Nümayəndə isə Türkiyədə yaşamalı və Türkiyə vətəndaşı olmalıdır.
/Qafqazinfo