İranda qadın idmançı Seul Olimpiadasında hicabsız iştirak edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, olimpiadanın seçmə mərhələsində İranı təmsil edən Elnaz Rekabi ölkəsinin qadın idmançılar üçün qoyduğu məhdudiyyətlərə məhəl qoymayıb.
Belə ki, o, yarışın final təsnifat mərhələsində hicabsız iştirak edib. Rekabi hicab taxmamaqla İranda əxlaq polis tərəfindən saxlanıldıqdan bir neçə gün sonra vəfat edən Məhsa Əmininin ölümünə etirazını göstərib.
Elnazın Seuldakı çıxışı İran telekanallarında nümayiş olunmayıb.
Lakin bu davranışı ilə ölkəsində qadınların etiraz aksiyasına dəstək verən idmançıdan bir müddətdir ki, xəbər yoxdur. İran KİV-i yarışdan sonra idmançının aldadıcı yollarla səfirliyə gətirildiyini, pasportunun və mobil telefonunun əlindən alındığını yazır. Məlumatda alpinistin həbs olunacağını da bildirirlər. Rəsmi Tehran isə bu xəbərləri təkzib edir.
İdmançı oktyabrın 19-da İrana qayıtmalı idi, lakin onun dönüşü gözlənilmədən təxirə salınıb. İranın Cənubi Koreyadakı səfirliyi isə idmançının oktyabrın 18-i səhər saatlarında Seuldan təyyarə ilə yola düşdüyünü bildirib.
Qeyd edək ki, alpinist 1989-cu ilin avqustun 20-də Zəncanda doğulub. Beynəlxalq yarışlarda bir neçə medal qazanan Rekabi dünya və Asiya çempionatlarında dəfələrlə ilk üçlükdə yer alıb.
Xatırladaq ki, M. Əminin ölümündən sonra İranda kütləvi etirazlar başlayıb, 100-dən çox insan ölüb.