Rəisidən İrandakı terror aktına sərt reaksiya

02:16 27 Oktyabr 2022

İran Prezidenti İbrahim Rəisi Şiraz şəhərində baş verən terror aksiyasına münasibət bildirib və həlak olanların ailələrinə başsağlığı verib.

Sitat.info xəbər verir ki, İbrahim Rəisi vəhşicəsinə törədilən bu terror aksiyasının cavabsız qalmayacağını bildirib.

O qeyd edib ki, həzrət Əhməd bin Musanın müqəddəs ziyarətgahında törədilən bu terror aksiyası nəticəsində qadın və qocalar qətlə yetirilib. Ölkə rəhbəri İslam İnqilabının düşmənlərinin törətdiyi cinayətlərin sırasına birinin də əlavə olunduğunu təəssüflə qeyd edib. O, cinayətkarların məhkəmə qarşısında cavab verməli olacaqlarını bildirib.

İran Prezidenti bəyan edib ki, ziyarətgaha hücum edib günahsız insanları öldürməklə düşmən öz çarəsizliyini göstərir. Bununla düşmən İran xalqını parçalamağa, ölkənin tərəqqisinin qarşısını almağa çalışır ki, məqsədinə nail olsun.

Qeyd edək ki, ötən gün axşam saatlarında 3 nəfər Şirazdakı Şah Çıraq məscidinə daxil olaraq ibadət edən insanları avtomat tipli silahdan atəşə tutublar. Nəticədə 15 nəfər həlak olub, 40 nəfər müxtəlif dərəcədə yaralanıb.

/Axar.az

 



Xəbər xətti