Rusiyanın Daxili İşlər Nazirliyi bloqer Maksim Katzı federal axtarışa verib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-in saytında yer alıb.
Məlumatda 37 yaşlı bloqerin Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verildiyi qeyd olunsa da, burada söhbətin məhz hansı maddədən getdiyi açıqlanmayıb.
Qeyd edək ki, Rusiyanın Ədliyyə Nazirliyi cari ilin iyul ayında Maksim Katzı xarici agent siyahısına daxil edib. O, 2013-cü ildə Moskva şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürən müxalifətçi Aleksey Navalnının seçki qərargahının rəhbərinin müavini olub. Navalnının qərargahları Rusiyada ekstremist təşkilat olaraq tanınır və qadağan olunub. Rusiya Ukraynaya qarşı müharibəyə başladıqda isə bloqer ölkəni tərk edib. Belə ki, o, Rusiya rəhbərliyinin siyasətinin tənqidçilərindən biridir.