Rusiyada 8 general istefaya göndərilib və Ukraynada aparılan müharibənin taktikası dəyişib. Kremldə Kiyevi iki-üç günə tutmağı hesablamışdılar, amma bu plan iflasa uğradı. Bu haqda Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin düşmənin planı barədə dəqiq anlayışı var, hazırda Rusiyanın niyyəti dəyişib, habelə qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən 8 general istefaya göndərilib. “Mən deyə bilərəm ki, onlar hazırda çarəsiz vəziyyətdədir”, - Danilov deyib.
Ukrayna tərəfinin məlumatına görə, müharibənin 15-ci günündə Rusiya ordusunun canlı qüvvə sarıdan itkiləri 12 min nəfəri keçib. Minlərlə rus əsgəri əsir alınıb, 350-yə yaxın tank və 2 minə qədər digər hərbi texnika məhv edilib. Rusiya hazırda hücum əməliyyatlarını dayandırıb və əsasən mühasirədə saxladığı yaşayış məntəqələrini aviasiya, artilleriya zərbələri ilə dağıtmaqla məşğuldur. Ukraynanın hava məkanını bağlamaq üçün Qərbə etdiyi çağırışlara isə hələlik müsbət cavab verilmir.
Eyni zamanda Qərb Ukraynaya Rusiya aviasiyası ilə mübarizə aparmaq üçün qırıcılar da verməyə tələsmir. ABŞ-ın Avropadakı komandanlığının rəhbəri general Tod Uolters bildirib ki, indiki halda Qərbin Ukraynaya verə biləcəyi ən yaxşı silah MiQ-29 qırıcıları deyil, tank əleyhinə raketlər və zenit silahlarıdır.
Onun sözlərinə görə, Ukrayna ordusu hazırda bu silahlardan çox gözəl istifadə edir. General qeyd edib ki, MiQ-29 qırıcıları Ukraynanın özündə “böyük sayda” mövcuddur və onların sayının artırılması düşmən üzərində üstünlüyə təminat vermir. Əksinə, qırıcıların verilməsi münaqişənin eskalasiyasına gətirib çıxara bilər.
Xatırladaq ki, Ukraynaya Polşa Hərbi Hava Qüvvələrinin sərəncamında olan MiQ-29 qırıcılarının verilməsi barədə müzakirələr gedir. (virtualaz.org)